Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar keçirildi
Yerləşdirilmə tarixi : 10 May 2020 13:57
SDU-da “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar keçirildi
Mayın 9-da Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyətinin innovasiya fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımovun təqdimatı ilə “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar keçirildi.
Seminarda universitetin professor-müəllim heyəti, o cümlədən prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, doktorantlar və dissertantlar, startapçılar iştirak etdilər.
Seminarı Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq, qonaqları və iştirakçıları salamladı, 9 May Qələbə Günü, 10 may ümummilli lider Heydər Əliyev anadan olmasının 97-ci ildönümü münasibətilə kollektivi təbrik etdi. Prorektor Ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından söz açdı. Qeyd etdi ki, bu gün Azərbaycan xalqı bir daha Ulu öndərin əziz xatirəsinə hörmət və ehtiramını bildirir. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran prorektor Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımov özü haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Hindistan Sahibkarlığın İnkişafı İnstitutu (EDII), Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI), Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzinin (ABŞ) və digər müxtəlif təşkilatların həyata keçirdiyi ideyanın formalaşdırılması və onun kommersiyalaşdırılması istiqamətində təlim proqramlarının məzunudur. İsa Qasımov ali təhsil və elmin kommersiyalaşdırılması, eləcə də startapların formalaşdırlması və inkişafı istiqamətində 20 ilə yaxın təcrübəyə malik olduğunu söylədi. Onun təsis etdiyi “Yeni fikir” startap müsabiqəsi və “Smart Birdge” elm-innovasiya-biznes layihələri də yerli bazarın resurslarına əsaslanan fəaliyyətlərdəndir. İsa Qasımov “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda slayd vasitəsilə ətraflı çıxış etdi. Slaydda: 1. İşin ciddiliyi; 2. Başlıca məqamlardan biri; 3. Ehtiyaclar - tələblər - fürsətlər; 4. İnsan kapitalı və dəyişən şərtlər; 5. Müxtəlif dövrlərdə bazar davranışı və tendensiyalar; 6. Dünya iqtisadiyyatı; 7. Araşdırma və innovativ sahibkarlığın əlaqəsi; 8. Elmin kommersiyalaşdırılması və texnologiyanın transferində potensial risklər; 9. İdeyanızın inkişafına və tətbiqinə əngəl olan amillər nədir; 10. Texnologiyanın transferi; 11. “INC” modeli (Koreya); 12. Bazara uyğun ən doğru məhsul (Stanford Universiteti); 13. “INC” modeli və “TPM”; 14. Startapın formalaşması inkişafı mərhələləri barədə geniş məlumat verilirdi. İsa Qasımov bildirdi ki, bu gün elm və təhsil dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Müasir dövrdə davamlı inkişafın əsasında təhsilin və elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub-saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
İsa Qasımov onu da qeyd etdi ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğur və yeni çalarlarla davam etdirilir.
Startap layihələrin əhəmiyyətindən bəhs edən natiq bu layihələrin gənclər arasında innovasiya sahibkarlığı yanaşmasının inkişaf etdirilməsinə, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onların reallaşdırılmasına töhfə verdiyini bildirdi. Bu istiqamətdə çıxış edən natiqlər startap layihələrinin əhəmiyyətindən bəhs edərək qeyd etdilər ki, ali təhsil müəssisələrində biznes inkubatorların yaradılması heyətin təhsil, elmi-innovativ layihələrə cəlb olunması, gənc sahibkarların yetişdirilməsi baxımından olduqca önəmlidir.
Seminar diskussiya şəraitində davam etdirildi, suallar cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az