Universitet həsrətini tələbəmiz şeirlə izhar edir
Uzaqdan yollar gəlir sənə doğru... Amma yaman yorucu,
yaman uzun. Baxışlarım dikilib hər cığırına, ürəyimdə
qucaq dolu nisgil, kipriyimdən yağan həsrət sənə doğru,
səndən yana, ey mənim şirin xatirələrimin məskəni,
gəncliyimin ünvanı, tələbəliyimin sirdaşı universitetim...
Bu gün sənin isti qucağın, mehrin, nəvazişin üçün darıxan neçə-neçə tələbəmiz eyni fikir və eyni duyğunu paylaşır, əziz təhsil ocağım! Ocağın sönməsin! Sənin işığına minlərlə öyrənci ordusu toplaşıb, artıq illərdi ziya alır. Auditoriyalarda toplaşmağı hazırkı durum təcrid etsə də, oxumaq eşqi, öyrənmək həvəsi Sumqayıt Dövlət Universitetində mütəmadi olaraq uzaqdan da olsa təhsilin davam etməsi üçün maneələri aşdı. Ürəklər o qədər darıxdı, xiffət çəkdi ki, həsrət dilə gəldi. Ayrı-ayrı videorolik və duyğu dolu məktublarla tələbələrimiz öz müəllimlərinə sevgisini, univeristetə istəyini ifadə etməyə çalışdı. Onların hicranına təsəlli edəcək söz tapa bilməyən müəllimlər sadəcə bu həsrəti birgə bölməyi bacardı.
Amma bir ümid cücərir, bu gözəl yaz günündə: bu da keçər, gedər... dövlətimiz tərəfindən düzgün verilmiş qərar anında, karantin şəraitində elliklə çıxarıq çətin vəziyyətdən. Çünki, biz birlikdə güclüyük...
Hər kəsin qəlbində daşıdığı ayrılığın yanğısını və görüşmək ümidini, eləcə də dərin sevgini Filologiya fakültəsinin qiyabi şöbə, 914-2 saylı qrup tələbəsi İsmayılov Elvin Şahbaz oğlu şeirlə belə izhar edib.
Sanki uzun illər bir yaşamışıq,
Bir yerdə gülmüşük, bir ağlamışıq,
Küsən sevgililərtək ayrılmışıq,
Səninçün nə qədər darıxdım SDU.
İndi aramızda uca dağlar var,
Görmürük bilək ki, kimdi günahkar?!
Övladlar səhv edər, ana bağışlar,
Səninçün nə qədər darıxdım SDU.
Nə vaxtdır düşmüşəm mən səndən uzaq,
Əsib aramızda görünməz sazaq,
Gəlmək istəyirəm, aç mənə qucaq,
Səninçün nə qədər darıxdım SDU.
Yollara baxmaqdan göz də kor oldu,
Bu ayrılıq mənə, vallah, zor oldu.
Aramızda Çinin səddi quruldu
Səninçün nə qədər darıxdım SDU.
Ordaydı halıma mənim yanan da,
Mənimlə oynayan, sayıqlayan da,
Sevdiyim qalıbdı kitabxananda
Səninçün nə qədər darıxdım SDU.