Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda növbəti onlayn məşğələ keçirildi
Yerləşdirilmə tarixi : 22 May 2020 16:50
SDU-da “Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda növbəti onlayn məşğələ keçirildi
Mayın 22-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbində “Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda onlayn məşğələ keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq, 28 May Respublika Günü münasibətilə kollektivi təbrik etdi və müsəlman Şərqində ilk dəfə müstəqil dövlət olaraq yaranmış və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi hadisədir. AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulub. Rektor onu da bildirdi ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirmişdir. Bu gün böyük qürur hissi ilə deyirik ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir və yeni çalarlarla daha da zənginləşdirir. Xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu nəticəsində XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qursa da, çox qısa zaman sonra yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Rektor onu da diqqətə çatdırdı ki,əgər 1993-cü ildə Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsə idi, müstəqil dövlətimiz əsrin əvvəllərində yaşadığı aqibətlə yenidən üz-üzə qala bilərdi. Artıq 29 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı ümummilli liderin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da bu mənada mühüm tarixi missiyanın həyata keçirilməsinə xidmət edir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev “Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan və Xalq Cümhuriyyətinin ənənələri”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Cavid Məmiyev “Azərbaycan Xalq Cümhuriyyəti dövrü atributlarının bərpasında Heydər Əliyevin rolu”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti”, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Kənan Namazov “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində” mövzularında çıxış etdilər. Bildirdilər ki, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olmuşdur. Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə―cəmi 23 ay yaşamasına baxmayaraq onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. Natiqlər ölkəmizdə Xalq Cümhuriyyətinin müstəqillik ideyalarına, cümhuriyyət qurucularının adının əbədiləşdirilməsinə, bu tarixin öyrənilməsinə xüsusi önəm verildiyini vurğuladılar. Bildirdilər ki, hazırda Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. İllər bir-birini əvəz etdikcə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, abadlıq-quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyur, onu daha da möhkəmləndirərək, gələcəyə doğru inamla aparır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az