Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May–Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirildi
Yerləşdirilmə tarixi : 26 May 2020 23:06
Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May–Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirildi
May ayı Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərindən biri də respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşadılan və ölməzlik qazanan 28 May Respublika Günü―Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova açaraq bildirdi ki,xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını, azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Dekan onu da diqqətə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub-saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla, onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 may gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Bu gün Ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırır və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.
Fakültənin 504-cü qrup tələbəsi Günay Məmmədova Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin həyatı, 506-cı qrup tələbəsi Məqsəd Möhzümzadə Azərbaycan Cümhuriyyətinin liderlərindən və qurucularından olan tanınmış dövlət xadimi Fətəli Xan Xoyski haqqında ətraflı məlumat verərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açdılar. Tələbələr: Səmra Babayeva, Nisə Məmmədova və Gülarə İsgəndərovanın ifalarında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Sonda tələbə Ağacan Məmmədəminov “Yaşa Mənim Xalqım”mahnısını ifa etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az