SDU-da 28 May - Respublika gününə həsr olunmuş onlayn formada intellektual bilik yarışı keçirildi
28 May 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan olundu və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Həmin gündən artıq 102 il ötməsinə baxmayaraq, Respublika Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu əlamətdar gün münasibətilə respublikamızın hər yerində olduğu kimi Sumqayıt Dövlət Universitetində də silsilə onlayn tədbirlər keçirilir.
Mayın 28-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə fakültələrarası 28 May- Respublika gününə həsr olunmuş onlayn formada intellektual bilik yarışı keçirildi.
Yarışın keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirməkdən ibarətdir.
Yarışı TGT intellektual Oyunlar Klubunun sədri İzzət Zeynallı açaraq, 28 May-Respublika Günü münasibətilə hər kəsi təbrik etdi. Bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın dövlətçilik salnaməsinin yaddaqalan səhifələrindəndir. AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Onu da qeyd etdi ki, Müstəqil dövlətçilik tariximizdə 23 aylıq fəaliyyəti ilə müstəsna izlər qoymuş Azərbaycan Xalq Cümhuriyyəti irsinin öyrənilməsi hər bir gəncin əsas vəzifələrindəndir. İntellektual bilik yarışının əhəmiyyətindən bəhs edən İzzət Zeynallı onu da bildirdi ki, yarışının keçirilməsində əsas məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması, milli intellektual oyunlar hərəkatını genişləndirmək və bu fəaliyyətin ənənəvi forma almasını təmin etmək, gənclərin intellektual və strategiya qurmaq potensiallarını üzə çıxarmaq, özünəinam, özünüdərk hissini aşılamaq və inkişaf etdirmək, gəncləri zərərli vərdişlərdən çəkindirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, gənclər arasında sağlam rəqabət mühiti yaratmaqla onları daha da inkişafa sövq etməkdən ibarətdir.
İzzət Zeynallı onu da diqqətə çatdırdı ki, bu gün gənclərimiz arasında məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirirlər. Tələbələrimizin bilik və savadlarının üzə çıxarılması məqsədi ilə belə intellektual yarışların keçirilməsi olduqca əhəmiyyətlidir.
Sonra bilik yarışına start verildi.Yarışda hər komanda da 6 nəfər olmaqla 7 komanda iştirak etdilər. Onlardan I yeri Tarix və coğrafiya fakültəsi, II yeri Filologiya fakültəsi, III yeri isə Riyaziyyat fakültəsinin komandaları tutdu.
Mətbuat xidməti