Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclasında tələbələri sevindirən qərarlar qəbul edildi
İyunun 2-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının onlayn qaydada keçirilmiş iclasında yaz semestrinin imtahan sessiyası, təcrübələr, buraxılış imtahanları, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsi ilə bağlı qərarlar qəbul olundu.
Rektor professor Elxan Hüseynov şura üzvlərini salamladı, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə və universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması istiqamətində aparılan işlərdən danışdı. Pandemiya dövründə dərslərin məsafədən tədrisi istiqamətində mümkün olan bütün tədbirlərin görüldüyünü bildirdi və professor-müəllim heyətinə təşəkkürünü ifadə etdi. Tələbələrin böyük əksəriyyətinin onlayn dərslərdə fəal iştirakını müsbət hal kimi dəyərləndirdi.
Rektor Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bir sıra qərarlara dəyişikliklər edildiyini bildirdi. Həmin dəyişikliklərdən irəli gələn tələbləri şura üzvlərinin diqqətinə çatdırdı. Bildirdi ki, 2019–2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.
Rektor onu da bildirdi ki, onlayn imtahanlarda istifadə olunan elektron resursların vaxt məhdudiyyətlərinə əsaslanaraq, bir biletə daxil edilən sualların sayının azaldılması və bununla bağlı minimum imtahan keçid balının aşağı salınması barədə Təhsil nazirinə məktub ünvanlamış və qeyd olunan dəyişikliyin edilməsi barədə müraciət edilmişdir. Məktuba cənab nazir tərəfindən müsbət qarşılandı, həmişə olduğu kimi, bu dəfə də tələbələrin xeyrinə qərar verildi.
Gündəlikdə duran məsələlər, 2019−2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və koronavirus pandemiyası ilə əlaqədar Yekun Dovlət Attestasiyasının və imtahan sessiyasının keçirilməsində həyata keçiriləcək dəyişikliklər barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində
təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişikliklər edilmişdir.
Prorektor Natiq Talıbov Sumqayıt Dövlət Universitetində 2019–2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili barədə bir sıra dəyişikliklərin edilməsi haqqında ətraflı məlumat verdi:
1. Buraxılış işini yerinə yetirən tələbələr də ümumiləşmiş orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə Yekun Dövlət Attestasiyasından keçmiş hesab olunacaqlar. Qiyməti ilə razılaşmayan tələbələr buraxılış işlərini kağız daşıyıcı formasında şəxsən, mümkün olmadıqda poçt vasitəsilə və ya elektron formada universitetə təqdim etməlidirlər. Müdafiə, buraxılış işinin məzmununa, yazılmasına və müdafiəsinə qoyulan tələblər gözlənilməklə, onlayn qaydada təşkil olunacaq.
2. Kontingentdə qalan tələbələr bütün kreditləri ləğv etdiyi halda ÜOMG-yə görə attestasiyadan keçmiş hesab olunacaqlar.
3. Magistr dissertasiyaları kağız daşıyıcı formasında şəxsən, mümkün olmadıqda poçt vasitəsilə və ya elektron formada universitetə təqdim olunmalıdır. Müdafiə, magistr dissertasiyalarının məzmununa, yazılmasına və müdafiəsinə qoyulan tələblər gözlənilməklə, onlayn qaydada təşkil olunacaq.
4. Onlayn imtahanlarda istifadə olunan elektron resurslarda vaxt məhdudiyyətinin olduğu nəzərə alınaraq, bir biletə daxil edilən sualların sayının azaldılması və bununla bağlı minimum imtahan keçid balının 26 baldan aşağı salınması barədə Təhsil naziri cənab Ceyhun Bayramova 40-01-85/1 saylı 22.05.2020-ci il tarixli məktub ünvanlanmışdır. Hörmətli rektorumuzun da qeyd etdiyi kimi, məktub cənab Ceyhun Bayramov tərəfindən müsbət qarşılanmış, həmişə olduğu kimi, bu dəfə də tələbələrin xeyrinə qərar verilmişdir:
1.İmtahanların giriş balı hamı üçün 49 bal hesablanır;
2.Biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirilir;
3.İmtahanların keçid balı minimum 17 bal qəbul edilir;
4. Müxtəlif səbəblərdən cari imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin istəyi və müraciətləri olduğu halda avqustun 17-dən sentyabrın 15-nə qədər icmal mühazirələr və imtahanlar təşkil ediləcək. İmtahanlar onlayn şəkildə, Microsoft Teams platforması və ya Zoom proqramı vasitəsilə həyata keçiriləcək.
Mətbuat xidməti