SDU-da “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər, problemlər” mövzusunda videokonfrans formatında keçirilən Respublika elmi konfransının bağlanış mərasimi keçirildi
İyunun 6-da Sumqayıt Dövlət Universitetində “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər, problemlər” mövzusunda videokonfrans formatında keçirilən Respublika elmi konfransının bağlanış mərasimi keçirildi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov tədbir iştirakçılarına rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd dövlət qurumları, təşkilat və ali məktəblər arasında dialoq və təcrübə mübadiləsi aparmaqdır. Prorektor universitetdə bu sahədə görülmüş işlər, aparılan elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq, keçirilən maarifləndirici seminarlardan danışdı. Qeyd etdi ki, ölkə başçısının sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun, həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Bir çox beynəlxalq layihələrə imza ataraq, xarici universitetlərlə əlaqələrini genişləndirmiş, müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatlar aparılması, beynəlxalq konfrans və konqreslərdə, təhsil proqramlarında iştirak etməklə, tarixi uğurlara imza atmışdır. O cümlədən “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər, problemlər” mövzusunda keçirilən konfrans yuxarıda qeyd olunanları bir daha təsdiqləyir.
Prorektor Prezident cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların verilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir. Prorektor onu da əlavə etdi ki, ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində son bir neçə ildə xeyli işlər görülmüş, uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən Milli və Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir. Ölkəmizin ekoloji durumunun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində ekoloji siyasətin reallaşdırılması məhz dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı nəticəsində mümkün olmuşdur.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova çıxış edərək, konfransın iki gün ərzində dörd bölmə üzrə davam etdiyini bildirdi. Qeyd etdi ki, konfransa 18 təşkilatdan 134 məqalə və tezis daxil olmuş, 94 tezis və məqalə antiplaqiat proqramından keçirilərək, konfransın proqramına daxil edilmişdir.
Sonra konfransın bağlanış mərasimində bölmə rəhbərlərinə söz verildi.
Bölmə rəhbərləri: dos. M.Mustafayev, dos. R.R.Əhmədova, dos. N.D.Aşurova və baş müəllim T.M.Babayeva müvafiq olaraq bölmələrin işi barədə hesabat verdilər. Bölmə rəhbərləri məruzəçilərin müzakirələrlə təqdim etdikləri elmi-tədqiqat işlərinin əsasən aktual məsələlərə həsr olunduğunu qeyd etdilər.
I Bölmə: Fiziki, kimyəvi, bioloji və radioaktiv çirklənmələr
Sədr: dos. Mustafayev M.M.- Birinci bölmədə iki iclas üzrə 31 məruzədən 29-u dinlənildi.
II Bölmə: Sənaye tullantılarının zərərsizləşdirilməsində innovativ yanaşmalar
Sədr: dos. Aşurova N.D. - İkinci bölmədə iki iclas üzrə 21 məruzədən 16-sı dinlənildi.
III Bölmə: Fövqəladə hallarda ekoloji qiymətləndirmə və energetikanın ekoloji problemləri
Sədr: dos. Əhmədova R.R. Üçüncü bölmədə iki iclas üzrə 22 məruzədən 18-i dinlənildi.
IV Bölmə: Ətraf mühit, sağlamlıq, ekoloji maarifləndirmə, təbiət və cəmiyyət problemləri
Sədr: baş müəllim Babayeva T.M. Dördüncü bölmədə iki iclas üzrə 20 məruzədən 14-ü dinlənildi.
Bölmə sədrləri konfransın işini yüksək dəyərləndirdilər. Bildirdilər ki, konfransın onlayn olmasına baxmayaraq, diskussiya xarakterli və çox canlı keçdi. Bölmə rəhbərlərinin tövsiyə və təklifləri hərtərəfli müzakirə edildikdən sonra konfransın təşkilat komitəsi tərəfindən müvafiq təkliflər irəli sürüldü:
1. Konfransın təşkil olunması və keçirilməsinin əsas məqsədi elmi mübadilələrin aparılması nəticəsində içtirakçılar arasında sıx əlaqələrin və əməkdaşlıqların yaradılması;
2. Respublika və beynəlxalq təşkilatların və alimlərin iştirakı ilə beynalxalq ekoloji konfransların keçirilməsi;
3. Konfransda iştirak edən qonaqlarla ayrı-ayrılıqda treninqlərin və seminarların təşkil olunması;
4. Konfrans iştirakçılarına sertifikatların verilməsi.
Bununla da, “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi: nailiyyətlər, problemlər” mövzusunda keçirilən Respublika elmi konfransı öz işini müvəffəqiyyətlə başa çatdırdı.
Mətbuat xidməti