Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində pilot ixtisaslar üzrə aparılan simulyativ akkreditasiya öz işini uğurla başa vurdu
Yerləşdirilmə tarixi : 29 İyun 2020 16:30
SDU-da “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində pilot ixtisaslar üzrə aparılan simulyativ akkreditasiya öz işini uğurla başa vurdu
Son illərdə yüksəkixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən Karyera Mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunub. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində bir sıra layihələr həyata keçirilib. Tvinninq layihəsi çərçivəsində avropalı və yerli ekspertlərlə mütəmadi görüşlər təşkil olunub. Universitetdə Tvinninq layihəsi çərçivəsində həyata keçirilən seminarlarda, təlimlərdə, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələri cəlb olunmuş, onların fikir və təklifləri müzakirə olunmuşdur. Eyni zamanda universitetimizin Avropa İttifaqı tərəfindən maliyyələşən proqramlarda iştirak etməsi artıq bir ənənəyə çevrilmişdir. Dünyanın aparıcı universitetləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə universitetimiz müxtəlif universitetlərarası assosiasiyalara üzv olmuşdur. Həmçinin beynəlxalq layihə və proqramlar üzrə də bir çox nailiyyətlər əldə olunmuşdur.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində 2019-cu ilin noyabr ayından 2020-ci ilin yanvar ayınadək 8 universitetdə (BDU, SDU, ADNSU, AzTU, ADPU, BMU, Xəzər Universiteti və Azərbaycan Dillər Universiteti) bakalavr pilləsində aid 6 pilot təhsil proqramı üzrə ümumilikdə 23 simulyativ akkreditasiya həyata keçirilmişdir.
Sumqayıt Dövlət Universitetində simulyativ akkreditasiyaya cəlb olunmuş təhsil proqramları aşağıdakılardır:
- Bakalavriat səviyyəsinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil proqramı;
- Bakalavriat səviyyəsinin Kompüter mühəndisliyi ixtisası üzrə təhsil proqramı;
- Bakalavriat səviyyəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil proqramı;
- Bakalavriat səviyyəsinin Fizika ixtisası üzrə təhsil proqramı;
- Bakalavriat səviyyəsinin Xarici dil müəllimliyi ixtisası üzrə təhsil proqramı.
Aparılmış simulyativ akkreditasiyaların məqsədi qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq, Fransa, Litva və Latviyadan olan ekspertlər və Tvinninq layihəsinin tərəfdaşları olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən birgə hazırlanmış təhsil proqramlarının akkreditasiyası üzrə metodologiyanın sınaqdan keçirilməsi olmuşdur. Bu metodologiya Azərbaycanda gələcəkdə təhsil proqramları səviyyəsində akkreditasiyanın davamlı olaraq keçirilməsi üçün əsas yaradacaqdır.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin Rezident Tvinninq Müşaviri Elizaveta Bydanova bu günlərdə Sumqayıt Dövlət Unieversitetinə məktub ünvanlamışdır. Məktubda qeyd olunur: “Avropalı və yerli ekspertlərdən təşkil olunmuş qiymətləndiricilər komissiyası tərəfindən sizin universitetin müvafiq kafedralarının işləyib hazırladığı özünütəhlil hesabatları və eləcə də sizin universitetə edilmiş səfərlər əsasında yuxarıda qeyd olunmuş təhsil proqramları üzrə tərtib edilmiş yekun qiymətləndirmə hesabatlarını bu məktuba əlavə etmişik. Bu akkreditasiyanın yeni metodologiyanı sınaqdan keçirmək məqsədilə aparıldığını nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyi, yaxud Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılmış pilot qiymətləndirmələrlə bağlı hər hansı bir akkreditasiya qərarı verilməyəcəkdir. Ümid edirik ki, bu akkreditasiyaların nəticələri məzunların məşğulluq imkanları, onların diplomlarının xaricdə tanınması, tələbələrin akademik mobilliyi və əmək bazarı və cəmiyyətin ehtiyacları ilə daha sıx əlaqələrin qurulması baxımından qiymətləndirilən təhsil proqramlarının daha da yaxşılaşdırılmasına töhfə verəcəkdir. Bundan başqa, TKTA (www.tkta.edu.az), eləcə də Tvinninq layihəsi çərçivəsində hazırlanmış faydalı təlim materialları ilə tanış olmaq üçün layihənin veb səhifəsinə daxil ola bilərsiniz - www.twinning4he.edu.az.
İki il davam edən Tvinninq layihəsi 2020-ci il, iyul ayının 10-da tamamlanır. Ümid edirik ki, layihənin ekspertləri ilə aparılan müştərək işdən xoş təəssüratlarınız qalacaq və görülən işlər gələcəkdə universitetinizin inkişafına öz töhfəsini verəcəkdir”.
Onu da qeyd edək ki, ekspertlərlər Sumqayıt Dövlət Universitetinin strateji idarəetməsi, tədris proqramları, elmi-tədqiqat fəaliyyəti, insan resursları, tələbələrlə iş, təlim resursları və tələbələrə dəstək istiqamətləri üzrə göstəricilərini yüksək qiymətləndirmişlər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az