Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi”mövzusunda videokonfrans formatında keçirilən Respublika elmi konfransının bağlanış mərasimi keçirildi
Yerləşdirilmə tarixi : 04 İyul 2020 22:14
SDU-da “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi”mövzusunda videokonfrans formatında keçirilən Respublika elmi konfransının bağlanış mərasimi keçirildi
İyulun 4-də Sumqayıt Dövlət Universitetində “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda videokonfrans formatında keçirilən Respublika elmi konfransının bağlanış mərasimi keçirildi.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya Federasiyasının aparıcı universitetlərinin alimləri iştirak etdilər.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov tədbir iştirakçılarına rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən riyaziyyatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq idi. Prorektor COVID-19 infeksiyasının dünyada yaratdığı problem, ölkələrdə mövcud vəziyyət və Azərbaycanda bu istiqamətdə görülən tədbirlərdən, qəbul olunan qərarlardan, onların çevik icrası, xarici ölkələrə göstərilən yardımlardan danışdı. Qeyd etdi ki, mövcud vəziyyətlə əlaqədar olaraq SDU-da tədris Nazirlər Kabinetinin qərarına uyğun olaraq onlayn şəkildə təşkil olunub, semestr imtahanları və digər tədbir, konfranslar da onlayn formatda həyata keçirilir.
Professor Ramazan Məmmədov onu da diqqətə çatdırdı ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bu gün Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin önəmli prinsipləri sırasına daxil edilərək təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkədə təhsil sistemi daha da yenilənir, müasirləşir. Aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr SDU-nun yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. Sumqayıt Dövlət Universiteti də gəncləri yeniliklərə, innovasiyalara, yeni texnologiyalara yönəltmək istiqamətində fəaliyyət göstərir. Bu gün təşkil edilən “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda videokonfrans formatında keçirilən Respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir.
Sonra konfransın bağlanış mərasimində bölmə rəhbərlərinə söz verildi.
Bölmə rəhbərləri müvafiq olaraq bölmələrin işi barədə hesabat verdilər. Bölmə rəhbərləri məruzəçilərin müzakirələrlə təqdim etdikləri elmi-tədqiqat işlərinin əsasən aktual məsələlərə həsr olunduğunu qeyd etdilər.
Bildirdilər ki, 3 iyul 2020-ci il tarixində "Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi" mövzusunda Respublika elmi konfransının bölmələr üzrə I iclası baş tutdu. İclas saat 15-də ZOOM proqramı ilə onlayn keçirildi. II iclas isə 4 iyul 2020-ci il tarixində saat 11-də keçirildi.
“Funksional analizin müasir problemləri” adlı I bölmənin sədri prof. N.T.Qurbanov bildirdi ki, bölmə üzrə 8 tezis vardı, məruzəçilərin hamısı çıxış etdi.
“Diferensial tənliklər, optimallaşdirma və optimal idarəetmə məsələləri” adlı II bölmənin sədri prof. F.G.Feyziyev bildirdi ki, bölmə üzrə 25 tezis vardı, biri plenar iclasda, 14-ü birinci, 8-i ikinci iclasda çıxış etdilər.
“Riyazi modelləşdirmə və dinamik sistemlərin tədqiqi” adlı III bölmənin sədr müavini b.m. A.D.Tağıyeva bildirdi ki, birinci və ikinci iclas üzrə bütün məruzələr dinlənildi.
“İntellektual sistemlərin modelləşdirilməsi və idarəedilməsi” adlı IV bölmənin sədri prof. V.A.Mustafayev qeyd etdi ki, bölmə üzrə 21 tezis vardı, 10-u birinci, 8-i ikinci iclasda çıxış etdilər.
“Riyaziyyat və informatikanin tədrisinin aktual məsələləri” adlı V bölmənin sədri dos. X.S.Həsənova bildirdi ki, birinci iclasda proqram üzrə nəzərdə tutulan 12 məruzəçidən 8 nəfərinin məruzəsi dinlənildi. 4 iyul 2020 tarixində nəzərdə tutulduğu kimi saat 11-də "Riyaziyyat və informatikanın tədrisinin aktual məsələləri" bölməsinin II iclası baş tutdu. İclas ZOOM proqramı ilə onlayn keçirildi. II iclasda 14 nəfər iştirak edirdi. Proqram üzrə nəzərdə tutlan 14 məruzəçidən 5 nəfərinin məruzəsi dinlənildi.
Konfransın yekun işi haqqında məsul katib, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının dosenti Vüsalə Babacanova ətraflı məlumat verərək konfransın iki gün ərzində beş bölmə üzrə davam etdiyini bildirdi. Qeyd etdi ki, konfransın bağlanış mərasimində ümumilikdə 47 nəfər məruzəçi iştirak etdi.
Bununla da, “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda keçirilən Respublika elmi konfransı öz işini müvəffəqiyyətlə başa çatdırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az