Arzum müəllim olmaq idi. Bu arzumun reallaşmasında Sumqayıt Dövlət Universiteti mənim üçün ən böyük şans oldu
Hər bir insanın uşaqlıqdan gələcək peşəsi ilə bağlı müxtəlif xəyalları, arzuları olur. Mənim də ən böyük arzum müəllim olmaq idi. Bu arzumun reallaşmasında Sumqayıt Dövlət Universiteti mənim üçün ən böyük şans oldu. Xəyallarımı gerçəkləşdirmək üçün çıxdığım bu yolda doğma universitetim mənə istədiklərimdən də artığını verdi. Burada mən təhsil almaqla yanaşı, həm də bir çox təcrübə qazandım. İlk günlər bütün tələbələr kimi sadəcə yaxşı qiymət almağı və imtahanlardan keçməyi düşünürdüm, amma elə ilk smestrdən bu düşüncələrim tamamilə dəyişdi. Birinci kursun ilk smestri idi, hörmətli rektorumuz professor Elxan Hüseynov biz tələbələr ilə söhbət etmişdi. O kiçik söhbət, demək olar ki, mənim bütün fikirlərimi dəyişdi və o gündən sonrakı bütün uğurlarımın təməlini qoydu. Rektorumuzun o söhbəti mənə böyük motivasiya vermişdi. Çox yaxşı yadımdadır, o gün Elxan müəllim qeyd etdi ki, gələcəkdə tələbə olduğunuz bu universitetdə müəllim olaraq da işləyə bilərsiz, hətta bəziləriniz daha böyük vəzifələrə yiyələnəcəksiniz. Mən də sual verdim ki, müəllim, bu həqiqətən də mümkündürmü? Çünki bu sözlər mənim xəyallarımdan da artığını əldə edəcəyimi vəd edirdi. Hörmətli rektorumuz isə gülümsəyərək cavab verdi ki, niyə də olmasın?
O gün özümə söz verdim ki, bütün qiymətlərim əla olacaq və mən də bir gün təhsil aldığım doğma universitetimdə müəllim olacam. Elə məhz o gündən daha həvəslə, daha da istəklə çalışdım. Sadəcə qiymət almaq üçün yox, daha faydalı olmaq üçün, ən yaxşısını bacarmaq üçün, böyük uğurlar əldə edə bilmək üçün oxudum. Şükürlər olsun ki, mənə təhsil verən, elm öyrədən müəllimlərimin sayəsində arzularımı reallaşdıra bildim, bütün qiymətlərim əla oldu. Onların hər birinə təşəkkür edir və öz minnətdarlığımı bildirirəm. Xüsusilə fakültəmizin dekanı dosent Sevinc Həmzəyevaya böyük təşəkkür edirəm. Hər zaman bizlərlə yaxından maraqlandığı üçün ona minnətdaram.
Sumqayıt Dövlət Universitetində tələbələr üçün müxtəlif təşkilatlar müvəffəqiyyətlə fəaliyyət göstərir. Mən də onlardan birinə - Tələbə Həmkarlar İttifaqına üzv oldum, bir müddət sonra məni Filologiya fakültəsi üzrə sədr seçdilər. Əlbəttə bu qədər önəmli və məsuliyyətli bir işin içində olmaq, universitetin ictimai işlərində də iştirak etmək mənim üçün böyük bir təcrübə oldu. Həmçinin bu işin bir parçası olduqdan sonra gördüm ki, universitetimiz tələbələr üçün necə böyük şanslar yaradır, tələbələrə necə böyük köməkliklər olunur və bir daha fəxr etdim ki, bu universitetdə təhsil alıram. Doğma universitetimizdə həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün Tələbə Gənclər Təşkilatı da fəaliyyət göstərir və bu təşkilatın da bir çox tədbirlərində iştirak etmişəm. Tələbələrin bilik səviyyəsini, elmə marağını artırmaq məqsədilə universitetimizdə Tələbə Elmi Cəmiyyətinin də xüsusi rolu var. Bir çox tələbə kimi mən də Tələbə Elmi Cəmiyyətinin üzvü idim. Doğma universitetim mənə bütün bunlarla yanaşı, çox dəyərli insanları qazandırdı. Başda rektorumuz Elxan Hüseynov olmaqla, Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, fakültənin nəzdində olan kafedra müdirləri və digər bütün müəllimlər biz tələbələrin yaxşı təhsil alması üçün hər bir şəraiti yaradıblar. Dövlətimiz, millətimiz üçün yararlı, ixtisaslı kadrların yetişdirilməsi istiqamətində Sumqayıt Dövlət Universitetinin bütün müəllim heyəti hər zaman dayanmadan, həvəslə çalışır. Hər bir yolun başlanğıcı olduğu kimi sonu da var. Universitet həyatımız son günü Məzun Günü adlanır. Məzun Günü hər bir tələbənin həyatında önəmli, unudulmaz bir günə çevrilir. Bu gün tələbələr həm sevinir, həm də kövrəlir.
Bir ailəyə çevrildiyin insanlardan ayrılmaq, evin qədər əziz bildiyin yerdən ayrılmaq insanı çox kövrəldir. Bir yandan da illər sərf etdiyin zəhmətinin bəhrəsini görmək insanın üzündə təbəssüm yaradır. Müəllim adını qazanmaq, bu şərəfli peşəyə sahib olmaq insanı qürurlandırır. Ümid edirəm ki, bu vəzifəni layiqincə yerinə yetirib, vətənimə, millətimə gərəkli kadr olacam. Bu istiqamətdə əlimdən gələni edəcəm.
Məzun Günü münasibətilə təhsilini başa vurmuş bütün tələbə və magistrantları təbrik edir, onlara gələcək işlərində uğurlar arzu edirəm. İnanıram ki, məzun olan hər bir gənc universitetimizin adını hər zaman uca tutub, onu hər yerdə layiqincə tanıdacaqlar.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu Rüfanə Əliyeva
Mətbuat xidməti