SDU-nun əməkdaşları ERASMUS+UNİLAB layihəsi çərçivəsində keçirilən onlayn konfransında iştirak etdilər
İyunun 30-da Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə UNİLAB ERASMUS+ layihəsi çərçivəsində “Universitet - sənaye əlaqələri: problemlər və perspektivlər” mövzusunda virtual konfrans keçirdi.
“XXI əsrdə universitetdən əmək bazarına: işə əsaslanan yerlərdə bir addım” layihəsi məzunların işə qəbuluna dəstək, hüquqi bazanı və innovativ praktiki yerləşdirmə modelini inkişaf etdirərək müəssisələr və ali məktəblər arasında tərəfdaşlığı artırmaq məqsədi daşıyır. Virtual konfransda universitet - sənaye münasibətlərinin mənzərəsi, tələbələr üçün təcrübə, məzunların işə qəbulu zamanı yaranan problemlər,məzunların işlə təmin olunması məsələləri üzrə çıxışlar edildi.
Konfransı giriş sözü ilə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova açaraq ERASMUS+ layihəsinin əsas məqsədindən, məzunların təcrübəyə əsaslanan tədrisindən, UNİLAB modelini həyata keçirmək və inkişaf etdirməklə işə qəbulu təmin etməkdən danışdı.
Konfransda iştirakçılara onları maraqlandıran müxtəlif sahələr barədə ətraflı məlumat verildi. İştirakçılar, məzunların sənaye müəssisələrinə işə qəbul zamanı qarşılaşdıqları problemlərdən söz açdılar, universitet-sənaye əlaqələrinin tələbələrə bu maneələri aradan qaldırmaqda necə kömək edə biləcəyi məsələlərinə toxundular və qeyd etdilər ki, universitetlər də öz növbələrində tədris planlarının inkişafı və təkmilləşdirilməsi üçün sənaye müəssisələrindən müsbət rəy ala biləcəklər.
İspaniyanın Valensiya Politexnik Universitetinin dosenti Elena de La Poza davamlı inkişaf məqsədlərinə nail olmağın iki mümkün yolunu: Məşğulluğun artırılması və innovasiya imkanlarının yaxşılaşdırılmasını qeyd etdi.
Konfransda həmçinin prof. Hamlet İsaxanlı,Vüsal Musayev, Rafiq Camalov, Rüstəm Rüstəmov, İsa Zeynal, Pərviz Bağırov, Dmitriy Qriqoryev və digərlərinin maraqlı çıxışları dinlənildi. Onlar müasir şəraitdə tələbələrin əmək bazarına müraciət edib işlə təmin olunmasını ali məktəblərin böyük uğuru kimi qeyd etdilər. Bildirdilər ki, tələbələrə nəinki nəzəri biliklər, eyni zamanda təcrübi biliklərin verilməsi də universitet qarşısında duran vacib məsələlərdən biridir.
SDU-dan konfransda Mühəndislik fakültəsindən prof.C.Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsindən dos.L.Vəliyeva, N.Hüseynov və İİF tələbəsi P.Məsimli iştirak etdilər.
Mətbuat xidməti