Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında Beynəlxalq elmi konfrans öz işinə başladı
Yerləşdirilmə tarixi : 08 İyul 2020 15:00
SDU-da “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında Beynəlxalq elmi konfrans öz işinə başladı
İyulun 8-də Sumqayıt Dövlət Universitetində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında Beynəlxalq elmi konfrans keçirildi. Konfransda Millət vəkili akademik Ziyad Səmədzadə, Millət vəkili Vüqar Bayramov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor əvəzi professor Arzu Hüseynova, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri professor Elşən Hacızadə və Azərbaycan, Türkiyə, Rusiya, o cümlədən, digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri də iştirak etdilər.
Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları salamladı, onları görməkdən məmnunluğunu ifadə etdi. Ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr barədə məlumat verdi. Bildirdi ki, bu gün dünyanı cənginə almış koronavirus yalnız insan sağlığına təhdid deyil, həm də qlobal sosial-iqtisadi problemdir. Yəni pandemiya makroiqtisadi siyasətdən qlobal ticarətədək bütün sahələrə öz mənfi təsirini göstərməkdədir. Bütün dünyada pandemiya insanların normal həyat tərzinə təsirsiz ötüşmədi. İnsanların alışmadıqları məhdudiyyətlər, qadağalar, sərt izolyasiya tədbirləri təbii ki, normal həyat tərzinə mənfi təsir etdi. Ancaq Azərbaycanda hər bir vətəndaş anlayır ki, bu tədbirlərin icra olunması məhz onların və ailələrinin qorunmasına hesablanıb. Ona görə də vətəndaşlar koronavirus pandemiyası ilə bağlı dövlətimizin bütün addımlarını anlayışla qarşılayaraq dəstkələyir. Bu dövrdə bütün dövlətlər ya iqtisadiyyatını xilas etmək, ya da vətəndaşının sağlamlığını qorumaq seçimini etməli idilər. Əlbəttə ki, pandemiyaya qarşı mübarizədə vətəndaşların sağlamlığı daha önəmlidir. Təbii ki, bütün dövrlərdə olduğu kimi ölkə başçımız cənab İlham Əliyev birmənalı qaydada yenə də insanların sağlamlığını hər şeydən üstün tutdu. Məhz bunun nəticəsidir ki, hətta bəzi inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə vəziyyət həddindən artıq yaxşıdır. Hazırda dünyada görülən bütün tədbirlərə baxmayaraq koronavirus epidemiyasının yayılması davam edir. Pandemiya iqtisadiyyata ciddi şəkildə zərər vurdu. Bu zərər təkcə Azərbaycan iqtisadiyyatına deyil, ümumilikdə dünya iqtisadiyyatına nəinki zərər, hətta zərbə vurdu. Belə bir qlobal iqtisadi problemin qarşısını almaq üçün ölkə başçısı tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir. Azərbaycan dövləti sahibkarlara, sosial vəziyyəti aşağı olan təbəqəyə öz dəstəyini hər zaman göstərib və göstərir. Karantin rejimi müddətində dövlət başçısının rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər gerçəkləşdirildi. Qısa müddət ərzində Azərbaycan iqtisadiyyatı pandemiya şəraitinə uyğunlaşdırıldı. Virusla mübarizədə strateji əhəmiyyət kəsb edən dezinfeksiyaedici məhlulların və tibbi maskaların istehsalına başlanıldı, daxili tələbat təmin olundu və ixrac potensialı yaradıldı. Siyasi və iqtisadi sabitliyin qorunması, karantin rejimi ilə bağlı fəaliyyət sahələrinin məhdudlaşdırılması səbəbindən sosial izolyasiya olunmuş vətəndaşların, həmçinin sosial həssas əhali qruplarının sosial müdafiəsi təmin edildi. İqtisadiyyat sahələrinə münasibətdə dəstəkləyici dövlət tədbirləri görüldü və maliyyə resursları ayrıldı. Səhiyyə sisteminin maddi texniki bazasının gücləndirilməsinə dövlət dəstəyi göstərildi, avadanlıqlar alındı və koronavirus xəstələrinin müalicəsi üçün operativ olaraq yeni modul tipli xəstəxanalar tikildi. Görülən bu tədbirlər sayəsində əhalinin sosial müdafiəsi sahəsində yeni uğurlara nail olunacaq.
Konfransın əhəmiyyətindən bəhs edən rektor onu da diqqətə çatdırdı ki, hələ, 2018-ci ilin may ayında “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” Beynəlxalq elmi konfransının möhtəşəm təşkilindən sonra, qərara alındı ki, iqtisadi təhlükəsizlik məsələləri ilə bağlı konfransımıza ənənəvi status verək və iki ildən bir bu konfransı keçirək. İndi bir daha əmin olduq ki, qlobal təhlükələr hansı həddə çatmışdır. Buna görə də hər bir ölkənin milli və iqtisadi təhlükəsizliyi davamlı araşdırılaraq, yeni iqtisadi və idarəetmə mexanizmlərinin işlənib hazırlanmasını tələb edir. Hər bir ölkənin iqtisadi təhlükəsizliyində savadlı və hazırlıqlı kadrlara xüsusi ehtiyac vardır. Son illərdə universitetimizin siması tamamilə yenilənmişdir. Universitetin tədris korpusları, auditoriya və laboratoriyaları əsaslı təmir olunmuş və maddi-texniki bazası gücləndirilmişdir. Yüksək texnologiyaların tətbiqinə önəm artırılmışdır. Görülən tədbirlər nəticəsində tədris prosesini pandemiya şəraitində yeni formatda – müasir texnologiyalar əsasında onlayn şəkildə təmin etdik. Tədris prosesində nəzərdə tutulan vəzifələrin öhdəsindən gələ bildik və imtahanların təşkilini də müvəffəqiyyətlə başa çatdırdıq.
Rektor onu da qeyd etdi ki, onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirlərimizi, konfranslarımızı təşkil etmişik və bu prosesləri davam etdirmək əzmindəyik. Onlarla alimimiz beynəlxalq konfranslarda uğurla iştirak və məruzələrlə çıxışlar etmişlər. Eyni zamanda, elmi əməkdaşlıqla bağlı dünyanın bir sıra universitetləri ilə əlaqələrimizi gücləndiririk. İki gün davam edəcək konfransın məqsədi də yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri bir araya gətirmək, mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir. Rektor konfransın işinə uğurlar arzuladı.
Konfransda Millət vəkili akademik Ziyad Səmədzadə, Millət vəkili Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Arif Şəkərəliyev, Rusiya Federasiyasının əməkdar elm xadimi, Maliyyə iqtisadiyyatı jurnalının baş redaktoru, professor Vasiliy Bespyatıx, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor əvəzi professor Arzu Hüseynova çıxış edərək bildirdilər ki, bu gün ölkəmiz iqtisadi inkişafı, əhalisinin sosial rifahı və digər sahələrdə əldə etdiyi uğurlara görə dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası dövründə atılan addımlar da bunu bir daha təsdiqlədi. İllər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün
bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır. Bu gün Azərbaycan dövləti onun milli maraqlarına, davamlı və keyfiyyətli inkişafına xidmət edən müstəqil siyasət yeridir ki, bu da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir.
Almaniyanın Ziqen Universitetinin professoru Müslüm İbrahimov “Rəqəmsal kənd təsərrüfatı məhsullarının istehsal sistemlərinin və dəyər zəncirlərinin iqtisadiyyatı və idarə edilməsi”, Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının professoru Emma Şaybakova “Müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsində maliyyə və idarəetmə informasiyalarının əhəmiyyəti”, Türkiyənin Yalova Universitetinin professoru Yahya Özdəmir “Kriptovalyutalar və dəyişkənlik”, Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universitetinin dosenti Olqa Ostrovskaya “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin inkişafında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 10-un tətbiqi”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri, professor Elşən Hacızadə, SDU-nun İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova “İqtisadi təhlükəsizliyin kəmiyyətcə qiymətləndirilməsi göstəricilərinin formalaşdırılması üçün metodoloji əsaslar” mövzularında məruzələr etdilər. Natiqlər qeyd etdilər ki, iqtisadi təhlükəsizlik ölkənin iqtisadi-sosial inkişafı ilə bağlıdır. Hər bir ölkənin iqtisadi təhlükəsizliyində zəruri maliyyə, istehsal, əmək, intellektual potensial, effektiv funksiyalaşmaya təminat verən istehsalatın təşkili sistemi mühüm rol oynayır. Bu gün Azərbaycan Qafqazda iqtisadi cəhətdən güclü dövlətdir. Son illər respublikanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm nəticələr əldə edilib.
Konfransın sonrakı işi haqqında məsul katib Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov məlumat verdi. Bildirdi ki, elmi konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az