SDU-nun nümayəndələri Azərbaycanda fəaliyyət göstərən Britaniya Şurasının keçirdiyi Beynəlxalq vebinarlarda iştirak etdilər
2020-ci ilin may ayından başlayaraq Azərbaycanda fəaliyyət göstərən Britaniya Şurasının təşəbbüsü və dəstəyi ilə “Universitetlərin gələcəyi: bizə kampus lazımdırmı və ya universitetlərin gələcək vəzifələri nədən ibarət olacaq?” mövzusunda silsilə vebinarların keçirilməsi planlaşdırılmışdır.
Britaniya Şurasının keçirdiyi böyük layihənin məqsədi dövlətləri, cəmiyyətləri və adi insanları pandemiya ilə bağlı yaranmıış situasiyada maarifləndirmək, mövcud olan təcrübələrlə tanış etmək və bu vəziyyəti düzgün qiymətləndirərək ondan bəhrələnmək yollarını araşdırmaqdır. Beynəlxalq miqyasda fəaliyyət göstərən bu təşkilatın əsas məramlarından biri mədəniyyət və təhsil sahələrində layihələrin keçirilməsidir. Əvvəlcədən altı vebinar planlaşdırılmışdır, lakin təhsil qurumlarının və qiymətləndirmə üzrə agentliklərin, təhsil ekspertlərinin və təhsil sistemində çalışan professor-müəllim heyətinin bu vebinarlarlara artan marağını nəzərə alan təşkilatçılar vebinarların sayını artıq ona çatdırmışlar.
Vebinarlarda Böyük Britaniyanın aparıcı universitetlərinin və təhsil agentliklərinin nümayəndələri ilə yanaşı, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, Qazaxistan, Ukrayna və digər ölkələrdən təhsil ekspertləri iştirak edir. Azərbaycan universitetləri bu vebinarlarda Azərbaycan Diplomatik Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və s. təhsil qurumları ilə təmsil olunmuşdu. SDU-nu təmsil edən dinləyicilər arasında Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova, Biznesin təşkili və menecment kafedrasının müdiri, dosent Qalib Hüseynov, Beynelxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri, t.ü.f.d. Samirə Məmmədova, b/m Sarvan Bədəlov və BƏƏTŞ-nin əməkdaşı, b/l Natavan Quliyeva olmuşdur.
Məruzəçilər bildirdilər ki, 2020-ci il aprel ayından başlayaraq tətbiqi və nəzəri kursların onlayn tədrisi sinxron, asinxron və qarışıq distant təlimi yolu ilə aparılır. Sinxron tədrisində müəllimlərin və iştirakçıların virtual mühitdə bir araya gəlməsi, bir-biri ilə üz-üzə əlaqədə olması və real vaxt rejimində təcrübə mübadiləsi etdiyi onlayn təhsildir. Asinxron tədris tələbələrin və müəllimlərin əlaqəsi və dərs materiallarının ötürülməsi texnologiya vasitəsilə həyata keçirildiyi bir təhsil formasıdır. Tələbələr mühazirələrin yazılmış variantına müxtəlif vaxtlarda özlərinə münasib vaxtda daxil ola bilərlər. Qarışıq tədris sinxron və asinxron təhsilin qarışıq formasıdır. Bu təhsil formasında bəzi məşğələlər real vaxt rejimində, digərləri isə off-line formatında həyata keçirilir. Qeyd edildi ki, asinxron kurslarda dərs materialları sənədləşdirilməlidir. Bu kurslarda "Microsoft Teams" platformasından istifadə olunur və həmin təlim formasında dərs resursları (videoyazılar, dərsliklərin və mühazirələrin PDF variantı, orakrik tapşırıqların fayllar və s.) qorunub saxlanılmalıdır.
Magistratura və doktorantura pilləsində təhsil alan və elmi tədqiqatla məşğul olanların distant təhsil alması bu pillədə oxuyanların tam ürəyincə olardı və onların təhsilinin keyfiyyətinə mənfi təsir göstərməzdi.
Bəs əgər cəmiyyət pandemiya şəraitində yaşayırsa, bu vəziyyətdə o, təhsilini necə qurmalıdır? Məsafədən aparılan təhsilin keyfiyyətini necə təmin etməlidir? Onlayn təhsil formasını quranda hansı məqamlara diqqət yetirilməlidir? Vebinarlarda bu suallara aid əsas məqamları belə yekunlaşdırmaq mümkündür:
1. Distant və ya onlayn tədrisin qurulması üçün universitetdə keyfiyyətli və operativ texnoloji şərait yaradılmalıdır.
2. Akademik və tədris-köməkçi heyət bu təhsil formasına hazırlanmalıdır. Universitetdə onlayn dərsləri və imtahanları müstəqil apara bilən müəllimlərin sayı nə qədər çox olarsa, həmin təhsil ocağının uğuru da nəzərə çarpan olar.
3. Sinxron və asinxron öyrətmə formalarının qarışığından istifadə daha səmərəli olar. Bu təlim formalarının qarışığı internet problemləri olan tələbələrə dərsi onlara uyğun olan vaxtda izləməyə şərait yaradar.
4. Pedaqoji kollektivin peşəkarlığına etibar edərək onların yaradıcı və yenilikçi planlarının dəstəklənməsi bu tədris prosesinin uğurunu təmin edir.
5. Universitetin texnoloji məkanının yaradılması, e-platformaların daimi fəaliyyəti üçün maliyyənin planlaşdırılması uzun müddətli olmalıdır.
6. Beynəlmilləşdirmə universitetin həyatında əsas məqamlardan biridir. Beynəlmilləşdirmə siyasəti universitetin dünyada tanınması, əcnəbi tələbələrin cəlb edilməsi, öz tələbələrimizin və professor-müəllim heyətimizin xarici universitetlərin akademik və elmi həyatında iştirakını təmin edir. Onlayn təhsilinin təşkili universiteti əcnəbi tələbələr üçün daha cazibəli edir.
Hesab edirik ki, distant təhsilin platformasının yaradılması ölkəmizdə distant təhsil formasının leqallaşdırılması və tanınması, əcnəbi tələbələrin Azərbaycan universitetlərində onlayn təhsilinə təkan verəcək.
Mətbuat xidməti