SDU-da 2020–2021-ci tədris ilinin başlanması ilə bağlı Elmi Şuranın videokonfrans formatında ilk iclası keçirildi
Sentyabrın 14-də Sumqayıt Dövlət Universitetində 2020–2021-ci tədris ilinin başlanması ilə bağlı Elmi Şuranın videokonfrans formatında ilk iclası keçirildi. Rektor Elmi Şuranın üzvlərini, professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Qeyd etdi ki, Elmi Şuranın gündəliyinə yeni tədris ilinə hazırlıq, tədris planlarının müzakirəsi və cari məsələlər daxil edilib.
Elmi Şuranın sədri, rektor professor Elxan Hüseynov pandemiya dövründə ölkə vətəndaşlarının sağlamlığının qorunması, sosial dəstəyə ehtiyacı olan ailələrin hərtərəfli qayğı ilə əhatə olunması, iqtisadiyyatımızın dayanıqlığının təmin edilməsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən mühüm tədbirlərdən danışdı. Bildirdi ki, qlobal pandemiya bütün sahələrdə olduğu kimi, təhsil sisteminə də təsirsiz ötüşmədi. Yaranmış vəziyyətlə bağlı universitetlər məsafədən təhsilin tətbiqi yolunu seçərək, təhsilin davamlılığının təmin olunmasını prioritet vəzifə kimi həyata keçirməyə başlamışdır. Sevindirici haldır ki, bu prosesə Azərbaycanın ali təhsil müəssisələri çevik formada adaptasiya olundular. Pandemiya ilə mübarizə tədbirlərinin uğurla icrası məqsədilə Sumqayıt Dövlət Universitetində təxirəsalınmaz addımlar atıldı, keçən tədris ilinin ikinci semestrində tədris, daha sonra isə imtahanlar, buraxılış işlərinin müdafiəsi onlayn həyata keçirildi.
Rektor bildirdi ki, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarına əsasən 2020–2021-ci tədris ilinə onlayn şəkildə start veriləcək. Belə ki, birinci kurs tələbələri oktyabrın 1-dən əyani tədrisə cəlb olunacaq, ikinci və yuxarı kurs tələbələri üçün isə dərslər sentyabrın 15-də onlayn şəkildə başlanacaq. Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesinin onlayn formada “Zoom” onlayn konfransların keçirilməsi proqramından və “Microsoft Teams” platformasından, oflayn formada isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş “Moodle” sistemindən istifadə olunmaqla tədris prosesi təşkil olunacaq. Rektor onu da diqqətə çatdırdı ki, Təhsil Nazirliyinin qərarına əsasən fənn üzrə ayrılmış saatların 50%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmayacaq.
Nazirlər Kabinetinin qərarına əsasən universitetdə Karantin otağı yaradılacaq, otaq lazımi avadanlıqlarla təchiz olunacaq, şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri işlər aparılacaq.
Universitetdə bu qaydaların tələblərinə əməl edilməsinə nəzarət ücün operativ nəzarət üzrə məsul şəxs İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev təyin olundu. Operativ nəzarət üzrə məsul şəxs Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul şəxsləri ilə əlaqə saxlayacaq.
Sonra rektor qeyd etdi ki, Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin müvafiq əmri ilə bütün struktur rəhbərləri tanış edilsin və tədris prosesində bu sənədlərdə göstərilən tələblər tam təmin edilsin.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov 2020-2021-ci tədris ilinə hazırlığın vəziyyəti və Yeni təhsil proqramına uyğun olaraq hazırlanmış tədris planlarının təsdiqi barədə məlumat verdi. 2020–2021-ci tədris ilinə hazırlıqdan söz açan prorektor bildirdi ki, tədrisin onlayn qaydada təşkili üçün lazımi işlər görülüb, texniki imkanlar cəmləşdirilib, həm onlayn, həm də ənənəvi tədrisin təşkili nəzərə alınaraq, tədris planları, dərs bölgüsü, fənləri tədris edəcək müəllimlər və dərs cədvəllərinin hazırlığı aparılıb. Bu il universitetimizi bitirmiş 20-yə yaxın məzunumuz işlə təmin edilib.
Qeyd etdi ki, Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində onlayn formada “Zoom” proqramından və “Microsoft Teams” platformasından, oflayn formada isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş “Moodle” sistemindən istifadə olunmaqla tədris prosesi təşkil olunacaq.
Tədris Metodik Mərkəzin direktoru baş müəllim Faiq Şirinov Tələbələrin yay semestrinin nəticələri, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov SDU-da magistratura səviyyəsi üzrə qəbulun nəticələri, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev Əcnəbi tələbələrin təhsil haqları barədə məlumat verdilər.
Elmi katib professor Muxtar Səmədov yeni təhsil proqramlarına uyğun olaraq hazırlanmış tədris planlarının, sillabusların təsdiqi və tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə ətraflı məlumat verdi.
Elmi Şuranın iclasını yekunlaşdıran rektor professor Elxan Hüseynov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzu etdi.
Mətbuat xidməti