Əməkdaşlarımız “Orta əsrlər Azərbaycanda şəhər icmaları: tarixi Bərdə şəhəri üzərinə yeni işıq” adlı vebinarda iştirak etdilər
Sentyabrın 23-də “British Council Azerbaijan” təşkilatı Oxford Universitetinin Nizami Gəncəvi Mərkəzi ilə birgə “Orta əsrlər Azərbaycanda şəhər icmaları: tarixi Bərdə şəhəri üzərinə yeni işıq” adlı vebinar (onlayn konfrans) keçirdilər. Oxford Universitetinin Nizami Gəncəvi Mərkəzinin alimləri xristian krallıq, ilk islam fəthlərinin hədəf nöqtələrindən olan və islam diyarına çevrilən, Qafqaz Albaniyasının paytaxtı olmuş Bərdə şəhərində aparılmış arxeoloji qazıntıların və tədqiqatların nəticələri haqqında təqdimat etdilər.
Müasir dünyamızın strateji və mədəni baxımdan mühüm tərkib hissəsi olan və uzun, zəngin və çoxçalarlı tarixə malik Qafqazın tarixinə dair mərkəzin apardığı elmi araşdırmalar bu sahədə olan boşluqları doldurmağa fokuslanmışdır.
Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Ceyms Şarp (Mr. James Sharp) və Azərbaycanda British Council təşkialtının direktoru Samer Xia (Mr. Summer Xia) da tədbirə qatıldılar.
Vebinarda Oxford Universitetinin doktorantı Kati Kempbel (Katie Campbell), Avropanın nüfuzlu elm-tədqiqat mərkəzlərinin (Archaeology at University College London, Exeter University, Central Natural History Collection at Martin Luther University Halle-Wittenberg) zooarxeoloqu Aşley Haruda (Ashleigh Haruda) və 2006-cı ildən Oxford Universitetində, 2016-cı ildən Oxford Nizami Gəncəvi layihəsi üzrə tədqiqat aparan iranşünas professor Edmund Herziq (Edmund Herzig, Masoumeh and Fereydoon Soudavar Professor of Persian Studies and a Fellow of Wadham College), irlandiyalı arxeoloq Devid Stoun (David Stone, Irish Research Council, Government of Ireland Postgraduate Scholar and Fulbright Creative Ireland Museum Fellow at the School of Archaeology, University College Dublin), Oxford Universitetinin arxeologiya üzrə ixtisaslaşmış mütəxəssisi Doktor Pol Vordsvorz (Dr. Paul Wordsworth) təqdimat və çıxışlar etdilər.
Azərbaycanlı şərqşünas, Oxford Nizami Gəncəvi proyektinin üzvü və inzibatçılarından olan Leyla Nəcəfzadə tədbirin moderatoru olaraq spikerlərlə diskussiyaları təşkil etdi. Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d.Samirə Məmmədova, həmin şöbənin metodisti Nigar Məmmədova, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlov canlı yayımla tədbirə qatıldılar. Spikerlərin təqdimatlarının yekununda izləyicilərin sualları cavablandırıldı.
Mətbuat xidməti