Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın videokonfrans formatında növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 02 Oktyabr 2020 16:47
SDU-da Elmi Şuranın videokonfrans formatında növbəti iclası keçirildi
Oktyabrın 2-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının videokonfrans formatında növbəti onlayn iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq bildirdi ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribat düşmənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha sübut etdi. Beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc sakinlərini, yaşayış məntəqələrini hədəfə alıb və nəticədə, mülki əhali arasında tələfat olub. Sözsüz ki, bu, iyul ayında Tovuz rayonu istiqamətində törədilmiş təxribatın məntiqi davamı idi. Ermənistanın siyasi və hərbi rəhbərliyi bununla nəinki danışıqları davam etdirmək niyyətində olmadığını, həmçinin yeni əraziləri ələ keçirmək məqsədini nümayiş etdirdi. Tovuz təxribatı qəhrəman ordumuz tərəfindən dəf olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, əgər növbəti dəfə Azərbaycana qarşı təxribat törədilsə, Ermənistan bundan peşman olacaq və düşmənə adekvat cavab veriləcək. Göründüyü kimi, Ermənistan rəhbərliyi bu reallıqları anlaya bilməyib və özünün cinayətkar, işğalçı xislətini bir daha nümayiş etdirir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik, uzaqgörən, balanslaşdırılmış siyasəti nəticəsində qismən səfərbərlik elan edildi, ölkəmizdə könüllülərin sayı durmadan artdı, onların sırasında Sumqayıt Dövlət Universitetinin əməkdaşları da könüllü olaraq ordu sıralarına qatılmaq üçün müraciətlər etdilər. Rektor onu da qeyd etdi ki, belə bir həssas dönəmdə ölkədə çalışan bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər. Azərbaycanın cəbhə bölgəsində gedən döyüşlərinə dəstək olanların sayı durmadan artır. Hər bir azərbaycanlı, hər zaman olduğu kimi, bu gün də birlik olduğunu bir daha sübut edir. Cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq məqsədilə Sumqayıt Dövlət Universitetinin kollektivi öz üzərinə düşən məsuliyyəti dərk edərək, ordumuza maddi və mənəvi dəstək olmaq üçün könüllü olaraq əməkhaqlarının müəyyən faizini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi ilə bağlı ərizə ilə müraciət etmişlər. Bu bir daha onu sübut edir ki, SDU kollektivi hər zaman dövlətimizin, Ali Baş Komandanımızın yanında, Milli Ordumuzun arxasındadır.Əminik ki, tezliklə bayrağımız Xankəndi və Şuşada dalğalanacaq.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov Sumqayıt Dövlət Universitetində tədrisin Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkili barədə ətraflı çıxış edərək bildirdi ki, dərslərin onlayn formada keçirilməsi ilə əlaqədar universitet tərəfindən Təhsil Nazirliyinə təqdim olunan təkliflər qəbul olunub və tələbələrin 100 ballıq qiymətləndirmə sisteminə uyğun olaraq, balların 50-si semestr ərzində fəaliyyətə, yəni cari qiymətləndirməyə, digər 50-si isə imtahan nəticələrinə, yəni aralıq qiymətləndirməyə tətbiq ediləcəkdir.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov universitet kollektivinin Azərbaycan Ordusuna dəstək və əməkdaşların Azərbaycan Respublikası Müdafiə Fonduna yardımı barədə çıxış etdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan etməsi ilə, xalqımız Ali baş Komandanın Sərəncamına uyğun olaraq, könüllü surətdə səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışır. Sumqayıt Dövlət Universitetinin əməkdaşları da könüllü olaraq ordu sıralarına qatılmaq üçün müraciətlər ediblər. Eyni zamanda ordumuza maddi və mənəvi dəstək olmaq üçün könüllü olaraq əməkhaqlarının müəyyən faizinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi ilə bağlı ərizə ilə müraciət etmişlər. “Əminəm ki, qəsbkar ermənilərin işğalı altında qalan torpaqlarımız qəhrəman ordumuzun uğurlu həmlələri nəticəsində tezliklə azad olunacaq və millətimiz Qələbə sevincini yaşayacaq!”
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az