SDU-da “Heydər Əliyevin Azərbaycanın müstəqil enerji sisteminin formalaşmasında rolu” mövzusunda növbəti onlayn məşğələ keçirildi
Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyevin Azərbaycanın müstəqil enerji sisteminin formalaşmasında rolu ” mövzusunda növbəti onlayn məşğələ keçirildi.
Məşğələnin saat 15:00-da başlaması planlaşdırılmışdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Televiziyası vasitəsilə xalqa müraciəti ilə əlaqədar məşğələ iştirakçıları möhtərəm Prezidentimizin xalqa müraciətini onlayn formatda dinlədilər. Müraciətdə Ali Baş Komandan qeyd etdi ki, rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini və daha 24 kəndi işğaldan azad edib! Bu qələbə xəbəri məşğələ iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Rektor professor Elxan Hüseynov bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Qeyd etdi ki, Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun şanlı zəfərləri ölkə ictimaiyyətinin dərin sevincinə səbəb olur. Azərbaycan bayrağı növbəti dəfə Zəngilan şəhərində dalğalandı. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, hər kəsin Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini göstərdi. Rektor onu da qeyd etdi ki, universitetin professor-müəllim heyəti və tələbə-gəncləri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasətini dəstəkləyir, xalqımızın igid övladlarının qəhrəmanlığından, döyüşçülərin əzmkarlığından qürur duyur.
Sonra rektor ümummilli lider Heydər Əliyevin ölkəmizdə müstəqil enerji sisteminin formalaşdırılmasındakı əvəzsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, Azərbaycan elektrik enerjisi sisteminin sürətli inkişaf dövrü də məhz Ulu öndərin respublikaya rəhbər seçildiyi ildən başlamış, Azərbaycanda müstəqil enerji sistemi formalaşmış, dövlətimizin enerji təhlükəsizliyi təmin olunmuşdur. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Rektor onu da qeyd etdi ki, Azərbaycanın enerji potensialının möhkəmləndirilməsində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin elektroenergetika sahəsində həyata keçirdiyi möhtəşəm quruculuq işləri bu gün yeni bir vüsətlə davam etdirilir. Dahi öndərin möhkəm zəmin üzərində qurduğu müasir Azərbaycan dövləti Onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin reallaşdırdığı strateji xətt sayəsində beynəlxalq aləmdə öz nüfuzunu getdikcə gücləndirir. Ölkəmizin elektrik enerjisi sistemi, enerji istehsalı infrastrukturu yenidən qurulub, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətləri yenilənib, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilib. Yeni generasiya güclərinin yaradılması ümumi inkişafımızın təzahürüdür. Şübhəsiz ki, “Qobu” elektrik yarımstansiyasının tikintisi uğurla davam edəcək və 2022-ci ilə qədər tam istifadəyə veriləcəkdir. Bu, enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır.
Fizika və elektroenergetika fakültəsinin dekanı, Əməkdar müəllim dosent Tamella Əhmədova “Heydər Əliyevin Azərbaycanın müstəqil enerji sisteminin formalaşmasında rolu” mövzusunda çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanılmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksəkgərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Azərbaycan İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur. Bu tarixi hadisə ilə əlaqədar olaraq, 20 oktyabr hazırda Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev “Azərbaycan iqtisadiyyatının inkişafında Heydər Əliyevin enerji strategiyası” mövzusunda çıxış etdi. Qeyd etdi ki, ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70–80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sistemi ilə də bağlıdır. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektroenergetika sisteminə də xarici investisiyalar yönəldilməsinə imkan yaratdı və bundan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında, habelə yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.
Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev “Enerji sisteminin müasir vəziyyətə gətirilməsində İlham Əliyevin rolu”, İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Nuriyyə Hüseynova “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasında energetikanın inkişafı” mövzularında ətraflı çıxış etdilər. Bildirdilər ki, Prezident cənab İlham Əliyevin reallaşdırdığı layihələrlə ölkəmizin elektroenergetika sahəsi yüksəliş dövrünü yaşayır. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın elektrik təsərrüfatı yüksək səviyyədə inkişaf edib və bu gün ən ucqar, çətin relyefli yaşayış məkanlarımızda belə dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı var. Bu uğurların nəticəsidir ki, Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdə qərarlaşıb. Təbii ki, bunlar cənab İlham Əliyevin elektroenergetika sahəsinə olan yüksək qayğısının və həyata keçirdiyi uğurlu islahatların nəticəsidir.
Natiqlər onu da diqqətə çatdırdılar ki, ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə və Ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, onun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.
Mətbuat xidməti