Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda videokonfrans formatında Respublika elmi konfransı öz işinə başladı
Yerləşdirilmə tarixi : 22 Oktyabr 2020 13:29
SDU-da “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda videokonfrans formatında Respublika elmi konfransı öz işinə başladı
Oktyabrın 22-də Sumqayıt Dövlət Universitetində “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda videokonfrans formatında Respublika elmi konfransı öz işinə başladı.
Konfransda Milli Məclisin üzvi, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, professor Arif Şəkərəliyev, Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov, AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, professor Tərbiz Əliyev və universitetin professor-müəllim heyəti iştirak etdilər.
Konfransı universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq konfrans iştirakçılarını görməkdən məmnunluğunu bildirdi, rektor professor Elxan Hüseynovun salamını çatdırdı, konfransın işinə uğurlar dilədi.Qeyd etdi ki, onlayn formatda keçirilən altıncı konfransımız respublikamız üçün çox taleyüklü hadisələrin baş verdiyi dövrə təsadüf edir. Bildiyiniz kimi sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən və davam edən hərbi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimiz ağır artilleriya silahlarından atəşə tutulması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olmuşdur. Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq əks-hücum əməliyyatına başlamış və bir-birinin ardınca doğma torpaqlarımızı işğaldan azad edir. Azərbaycan bayrağı işğaldan azad olunmuş əzəli torpaqlarımızda dalğalanır. Prorektor onu da diqqətə çatdırdı ki, eyni zamanda COVID-19 koronavirus pandemiyası aylardır bütün dünyanı gərgin vəziyyətdə saxlamaqdadır. Pandemiya ilə əlaqədar olaraq SDU-da tədris Nazirlər Kabinetinin qərarına uyğun olaraq, onlayn şəkildə təşkil olunub, tədbirlər və konfranslar da onlayn formatda həyata keçirilir və universitetdə təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl olunur.
Konfransın əhəmiyyətindən bəhs edən prorektor vurğuladı ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın ticarət-logistika infrastrukturunun gücləndirilməsini, onun nəqliyyat-tranzit sektorunun ölkənin sosial-iqtisadi infrastrukturunun dayanıqlı inkişafında yeri və rolunu əsaslandırmaqdır. Bütün dünya ölkələrində, o cümlədən respublikamızda iqtisadiyyatın inkişafında mühüm önəm daşıyan sahələrdən biri nəqliyyat sistemi və onun inkişafıdır. Ümid edirəm ki, dəyərli məruzəçilər və digər konfrans iştirakçıları məzmunlu tədqiqatları, əldə etdikləri elmi nəticələri və praktiki təklifləri ilə iqtisadi təhlükəsizliyimizin gücləndirilməsinə əməli töhfə verəcəklər. Prorektor onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində keçirilən konfransların materialları Rusiya elmi indeksləndirmə bazasına daxil edilir.( Beynəlxalq qeydiyyat №-si İSSN: 2708-955X ) .
Milli Məclisin üzvi, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolunun strateji aspektləri” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, nəqliyyat sahəsi, tranzit daşımaları qeyri-neft sektorunun aparıcı sahələrindəndir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, layihələr həyata keçirilir.Bütün bunlar Azərbaycanın nəqliyyat infrastrukturunun gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında iştirak imkanını genişləndirir.
Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsində infrastruktur və tranzit koridorlarından səmərəli istifadə istiqamətləri” mövzusunda çıxış etdi. Qeyd etdi ki, Prezident cənab İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Bu, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
UNEC-in Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, professor Arif Şəkərəliyev “Azərbaycanın ticarət-logistika infrastrukturunda tranzit potensialı amili”, BDU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov “Azərbaycanın nəqliyyat-tranzit sektorunun inkişafının sosial-iqtisadi səmərəliliyi”, AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, professor Tərbiz Əliyev “Azərbaycanda tranzit-nəqliyyat xidmətlərinin inkişafında loqistika infrastrukturunun rolu”, SDU-nun Dünya iqtisadiyyatı və marketinq kafedrasının dosenti Şəfiqə Məmmədova “Azərbaycanda müasir ordu quruculuğunun möhkəmləndirilməsinin milli sərvətin artırılmasına və nəqliyyat- tranzit dəhlizinin inkişafına təsiri” mövzularında çıxış edərək ölkənin nəqliyyat-tranzit potensialı, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu sahədə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verdilər. Bildirdilər ki, nəqliyyat sahəsi, tranzit daşımaları qeyri-neft sektorunun aparıcı sahələrindəndir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür, layihələr həyata keçirilir.
Konfransın sonrakı işi haqqında məsul katib Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov məlumat verdi. Bildirdi ki, 20 elm və ali təhsil müəssisəsindən daxil olmuş 115- dən artıq məruzə və tezis Proqram komitəsi tərəfindən seçilmiş, plagiatlığı yoxlanılaraq Konfransın gündəliyinə 86 məruzə daxil edilmişdir. Konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az