Dövlət Miqrasiya Xidməti ali təhsil ocaqlarının nümayəndələri ilə onlayn görüş keçirdi
Noyabrın 10-da Dövlət Miqrasiya Xidməti Təhsil Nazirliyi, eləcə də ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının məsul əməkdaşları və nümayəndələri ilə videokonfrans formatında ənənəvi iclas keçirdi.
Tədbirdə çıxış edən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri Tamilla Hacıyeva koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə təhsil alan əcnəbi müəllim və tələbə heyəti üçün miqrasiya sahəsində tətbiq olunan güzəştlər barədə məlumat verərək bildirdi ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə faktiki yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Respublikada müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi yaşayış yerini dəyişdikdə 10 gündən gec olmayaraq yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün DMX-yə müraciət etməlidir. Xaric olunan əcnəbilər haqqında 3 iş günü ərzində Təhsil Nazirliyinə, yaşayış yeri dəyişən əcnəbi tələbə və müəllimin 10 gün ərzində müvafiq quruma məlumat verilməli olduğunu qeyd etdi.
Həmçinin xatırlatdı ki, 60 günədək müvəqqəti qalma müddəti uzadılmış əcnəbilər həmin müddət bitdikdən sonra belə müvəqqəti yaşama icazəsi üçün müraciət etdikdə inzibati məsuliyyətə cəlb edilmirlər. Vətəndaşlar bununla, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı suallarını Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə və onun “onlayn bələdçi” xidmətinə, xidmətin rəsmi "Facebook", "İnstagram" və “Twitter” səhifələri vasitəsilə də ünvanlayıb məlumat ala bilərlər.
Pandemiya dövrü ilə əlaqədar olaraq, pasportunun vaxtı bitən əcnəbilərin müvəqqəti yaşama və qalma üçün müraciət etmələri prosesinə güzəşt tətbiq edilməsi də vurğulandı. Qazaxıstan, Albaniya, Qırğızıstan, İraq, Böyük Britaniya vətəndaşlarının pasportlarının müddəti bitərsə, miqarsiyaya müraciət edənlərin yaşama izni 60 gün uzadılacaqdır.
Sonra DMX-nin İT əməkdaşı elektron ərizə-anketlə bağlı təqdimatla çıxış etdi. İştirakçıları maraqlandıran suallar cavablandırıldı.
SDU tərəfdən onlayn keçirilən iclasda Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etdi.
Mətbuat xidməti