SDU-da “Cəmiyyətə inteqrasiya və sosial adaptasiya: nəzəri və praktik aspektlər”mövzusunda videokonfrans formatında Respublika elmi konfransı öz işinə başladı
Noyabrın 26-da Sumqayıt Dövlət Universitetində “Cəmiyyətə inteqrasiya və sosial adaptasiya: nəzəri və praktik aspektlər” mövzusunda videokonfrans formatında Respublika elmi konfransı öz işinə başladı.
Konfransı universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, konfrans iştirakçılarını görməkdən məmnunluğunu bildirdi, rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı, konfransın işinə uğurlar dilədi. Qeyd etdi ki, konfransımız respublikamız üçün çox əlamətdar hadisələrin baş verdiyi dövrə təsadüf edir. Azərbaycan xalqı ən şərəfli dövrünü yaşayır. Bu günlərdə tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusunun qələbə çalması hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük sevinclə qarşılandı. Biz bu müharibəni həm də Vətən savaşı adlandırırıq. Çünki bu, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmini uğrunda xalqımızın milli mübarizəsi, haqq davası idi. Azərbaycan vətəndaşları kimliyindən, sosial statusundan, əqidəsindən asılı olmayaraq, bu mübarizədə bir yumruq kimi birləşdilər, Ali Baş Komandanın yanında bir əsgər kimi dayandılar və bütün dünyaya milli həmrəyliyin ən mükəmməl nümunəsini nümayiş etdirdilər. 44 gün sürən İkinci Qarabağ müharibəsinin yekunu olaraq qalib Azərbaycan Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı. Prorektor konfrans iştirakçıları adından bu möhtəşəm qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi və xalqımızı təbrik etdi.
Konfransın əhəmiyyətindən bəhs edən prorektor diqqətə çatdırdı ki, konfransın mövzusu geniş əhatəlidir. Pandemiya ilə əlaqədar olaraq, SDU-da tədris Nazirlər Kabinetinin qərarına uyğun olaraq, onlayn şəkildə təşkil olunub, tədbirlər və konfranslar da onlayn formatda həyata keçirilir və universitetdə təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl olunur. Bildirdi ki, koronavirus son vaxtlar dünya gündəmində geniş yer tutan pandemiyadır. Virusun təsir dairəsi günbəgün artmaqla yanaşı, insanlarda müxtəlif psixoloji narahatlıqların da yaranmasına səbəb olur. Bütün dünyada koronavirus (COVID-19) pandemiyası ilə bağlı sosial-iqtisadi çətinliklər yaşanır. Hətta ən inkişaf etmiş ölkələr belə mövcud təhlükə ilə bağlı əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm də onların qarşılaşdıqları problemlərin həllinə cəhd göstərir. Azərbaycanda da koronavirus təhlükəsi ilə bağlı sosial və iqtisadi sahədə tədbirlər planı həyata keçirildi. Bu tədbirlər planı bir çox sahələri, o cümlədən təhsil sahəsini də əhatə etdi. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi buna bariz nümunədir.
Prorektor onu da qeyd etdi ki, sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi proseslərinin geniş vüsət aldığı Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil genişlənir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlü, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir. Bu istiqamətdə SDU-da inklüziv təhsil mühitinin yaradıldığını, əlilliyi olan tələbələr üçün mərkəz təşkil edildiyini və universitetin bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirdiyini diqqətə çatdırdı. Vurğuladı ki, universitetin inklüziv təhsil sahəsində müvafiq təcrübəsi, potensialı və mütəxəssisləri var. Sumqayıt Dövlət Universiteti bu istiqamətdə təşkil olunan layihəyələrə daima dəstək verir.
Konfransın plenar iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri psixologiya elmləri doktoru, professor Ramiz Əliyev “Dağlıq Qarabağ müharibəsi və onun sosial psixoloji təhlili”, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov “Şagirdlərdə öyrənmə fəaliyyətinin stimullaşdırılması”, Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aytəkin Məmmədova “Azərbaycanda ibtidai təhsil sahəsində elmi-pedaqoji tədqiqatların əsas istiqamətləri”, SDU-nun Pedaqogika və psixologiya kafedrasının dosenti Ceyhun Məmmədov “Müəllim-tələbə münasibətlərinin formalaşmasında temperamentin rolu”, SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov “Fonetik mövqe şagirdlərin tərbiyəçisi rolunda” mövzularında məruzə ilə çıxış etdilər.
Konfransın sonrakı işi haqqında məsul katib dosent Aytəkin Məmmədova məlumat verdi. Bildirdi ki, respublikamızın 20-dən çox ali və orta təhsil müəssisəsindən daxil olmuş 103 məruzə, tezis Proqram komitəsi tərəfindən seçilərək, plagiatlılığı yoxlanılmış və konfransın gündəliyinə 78 məruzə daxil edilmişdir.
Konfrans öz işini 4 bölmə üzrə iki gün davam etdirəcəkdir.
Mətbuat xidməti