SDU-nun məzunları adlarını tarixə yazdılar
Şəhidlərimiz, Qazilərimiz qürur mənbəyimizdir!
Əsrə, qərinəyə bərabər olan 44 günlük haqq savaşımızla dünya düzəni, mizanı dəyişdi. Tarix təkrarlandı, qəhrəmanlar diyarı, Odlar Yurdu Azərbaycanın bayrağı Murovun zirvəsində, Şuşa qalasında dalğalandı. 2020-ci il fəlakətlə – COVID–19 adlı bəla ilə dünyanı cənginə aldı. “Bizim üçün önəmli insan sağlamlığıdır, vətəndaş məmnunluğudur” – deyib, pandemiyanın ən dəhşətli günlərində xalqı ümümbəşəri bəladan qoruyan möhtərəm Prezident cənab İlham Əliyev bütün addımları ilə Ulu öndər Heydər Əliyevin “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”, böyük filosof Platonun “Xalqı yaşat ki, dövət yaşasın” hikmətini gerçəyə çevirdi. Prezident seçkilər dönəmində xalqa arxalandığı kimi, xalqın ağır, dar məqamında da onun arxasında oldu. Bununla kifayətlənmədi, müstəqilliyin, müharibənin ilk illərində yardım alan ölkəsini pandemiya zamanı yardım alan yox, yardım edən ölkəyə çevirdi, Qoşulmama Hərakatının, Türk Şurasının aparıcı qüvvəsi kimi fəlakətin aradan qaldırılması istiqamətində mühüm işlər gördü.
44 gün haqq savaşımız, mənfur düşmən üzərində tarixi qələbəmiz dünyaya görk oldu. “Qüdrətli Erməni ordusu ideyasına, Böyük Ermənistan xülyasına son qoyuldu”. Möhtərəm Prezidentimiz bununla həm də tarixi ədaləti bərpa etdi. Dünyaya sübut etdi ki, burada – Cənubi Qafqazda, böyük İpək yolu boyunda, Şərqlə Qərbin kəsişdiyi nöqtədə sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı olan əzəmətli əyilməz, mərd, məğrur, ərazi bütövlüyünün pozulması ilə barışmayan qüdrətli bir diyar – Odlar Yurdu Azərbaycan var. Onunla ancaq onun istədiyi dildə danışmaq olar. “Ağıl olan yerdə, zora ehtiyac yoxdur!” nidasından boylanan xalq səbir kasası daşanda zorun meydan oxuduğu, gücün hökm etdiyi dünyaya Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dili ilə cavab verdi: “Dünya beşdən böyükdür!”
Ömrü boyu zora, dünyanın ikili standartlarına arxalanan Ermənistan, Tanrı evlərini səlib yürüşlərinin planlarının cızıldığı siyasət meydanına çevirən, yüzillər boyu türkün qanına susayan erməni katalikosları Paşinyanın simasında növbəti tarixi səhvi etdi: “Qarabağ Ermənistandır” –söylədi.
Prezidenti cənab İlham Əliyev bir Ali Baş Komandan olaraq bunu Paşinyanın simasında, əli Azərbaycan xalqının qanına batan Koçaryanlara, Zori Balayanlara bağışlamadı. “Qarabağ Azərbaycandır!” – dedi. Bu vurğuda təkcə bir nida yox, sanki üç ox var idi, Koçaryanların, Zori Balayanların, Paşinyanların sinəsinə tuşlanmışdı!
Onda bir Ali Baş Komandan ucalığı vardı. Tovuzun Ağdam kəndində tökülən qan Ordu Generalının qanı idi. General Polad Həşimovun intiqamı necə alına bilərdisə, Prezident cənab İlham Əliyev onu o şəkildə aldı. Ordunu götürüb səngərə getdi. “Qisas qiyamətə qalmaz” – dedi. Orduya bərabər generalın qisasını Ali Baş Komandan, ordu ala bilərdi. “Müzəffər Ali Baş Komandan”, “Müzəffər Azərbaycan Ordusu” ifadələri belə yarandı!
44 günlük tarixi savaşı ilə əzilən, məğlub edilən yox, məğlubedilməz xalqın lideri olduğunu bəşəriyyətə sübut etdi! Yer üzünə səpələnən 50 milyondan çox azərbaycanlının, milyonlarla müsəlmanın, türkün qürur mənbəyinə çevrildi!
Bizim işimiz haqq işi idi! Biz zəfər çaldıq! Qarabağı aldıq! “Qarabağ Azərbaycandır” – dedik. Azərbaycanın Ali Baş Komandanının iradəsi, müzəffər ordusunun cəsarəti, şəhidlərimizin al qanı ilə tarixi ədaləti bərpa etdik!
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti olaraq xoşbəxtik ki, tarixi yazanların sırasında bizim də yetirmələrimiz var. Şəhid kimi, Qazi kimi! Biz gedəriyik, onlar isə əbədidir!
Bu gün Kəlbəcərdə, Laçında, Şuşada qarı, buzu yarıb səngərlərə sipər olan qazilərimizin, igidlərimizin sırasında Fizika və elektroenergetika fakültəsinin məzunu Raci Həmidzadə, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Vüsal Verdiyev kimi yetirmələrimizi görmək, sosial şəbəkələrdən, internetdən, mediadan onların səsini, xoş sözünü, qələbə müjdəsini eşitmək insanda bir başqa ovqat yaradır. Bu o deməkdir ki, biz, doğrudan da, təkcə müəllim, mühəndis, tarixçi, kimyaçı, iqtisadçı deyil, Şəxsiyyət, Vətəndaş yetişdirmişik! “Vətən daşı olmayandan, olmaz ölkə Vətəndaşı!”.
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti qəhrəman məzunlarımızın tezliklə ailələrinə dönmələrini arzulayır, onlarla görüşü səbirsizliklə gözləyirlər, valideyinlərinə belə övladlar böyütdüklərinə görə minnətdarlıqlarını bildirirlər. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş tələbə və məzunlarımız: Həmzə Adıyev, Vaqif Hüseynov, Fuad Əhmədov, Mehdi Mehdiyev, İbrahim Tağıyev, Vidadi Qəhrəmanov, Mikayıl Vahabzadə, Seyfəddin Balağayev, Orxan Teymurlu, Hüseyn Soltanov, Təhmasib Qarayev, Rəşad Mikayılzadə, Ətraf Qənimətov, Elgün Quliyev, Kənan Müzəffərli kimi şəhidlərimizin ruhu qarşısında baş əyirlər!
Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev!
Eşq olsun igid, mübariz, fədakar, qəhrəman Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Mətbuat xidməti