SDU-nun TGT-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü onlayn formatda bütün fakültələrdə qeyd edildi
Müasir, müstəqil Azərbaycanın banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin gördüyü mütərəqqi işlər və Vətənimiz qarşısındakı misilsiz xidmətləri onu xalqımızın ümummilli liderinə çevirmişdir. Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqının görkəmli oğlu, Ulu öndər Heydər Əliyevin Anım günü böyük ehtiramla qeyd edilir. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bütün fakültələrdə onlayn formatda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Anım gününün 17-ci ildönümü qeyd edildi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
TGT-nin sədri Tayfun Hacılı böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, sovet Azərbaycanına rəhbərliyi zamanı respublikamızın hərtərəfli tərəqqisi və nüfuzunun qaldırılmasında gördüyü işlərdən, ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın bərqərar olmasında xidmətlərindən danışdı. Dahi rəhbərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlər, düşmən üzərində tarixi zəfər qazanılaraq işğal altında olan torpaqlarımızın azad edilməsinə gətirib çıxaran dövlətçilik fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, ölkəmizdə milli özünüdərk prosesinin baş tutması, azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi və milli həmrəyliyin güclənməsi Heydər Əliyevin adı ilə bağlıdır. Milli neft strategiyasının işlənib-hazırlanması və uğurla reallaşdırılması, tarixi İpək yolunun bərpası təşəbbüsünün irəli sürülməsi, Azərbaycanın dünya birliyinin bərabərhüquqlu subyektinə çevrilməsi, ölkəmizin uzunmüddətli və davamlı inkişaf yoluna qədəm qoyması Ulu öndərin mühüm xidmətləri sırasındadır.
Sonra digər məruzəçilər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətindən, dahi şəxsiyyətin ideyaları və siyasi kursunun onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilməsindən, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən, Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbədən ətraflı bəhs etdilər.Vurğuladılar ki, məhz Heydər Əliyev ideyalarına söykənən Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tarixi zəfərə imza atdı. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 17 il keçsə də, onun ideyaları və əməlləri daim yaşayır.
Mətbuat xidməti