SDU-da “Azərbaycanda ekoloji terror” mövzusunda elmi-praktiki vebinar keçirildi
Dekabrın 24-də Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda ekoloji terror” mövzusunda elmi-praktiki vebinar keçirildi.
Vebinarda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi işlər üzrə direktor müavini, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, a.e.f.d. Qoşqar Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi Vüsal İbrahimli, “Sağlam mühit – Sağlam gələcək” QHT-nin icraçı direktoru Vüsal Hətəmov, SDU-nun Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti, magistrant və tələbələri iştirak etdilər.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov çıxış edərək, Azərbaycan xalqını 44 günlük müharibə sonrası qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, sentyabrın 27-dən erməni təxribatlarına qarşı Müzəffər Ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük Qələbə ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Dosent Mahal Muradov onu da diqqətə çatdırdı ki, Ermənistan təkcə Azərbaycanın torpaqlarını işğal etməmişdi, həm də Azərbaycanın torpaqlarını, mədəni irsini, təbii sərvətlərini dağıdıb, talayıbdır. Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. 1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda bütün yaşayış məntəqələrinin, şəhər və kəndlərin dağıdılması, dinc əhaliyə divan tutulması, eyni zamanda bitki və heyvanlar aləminin də məhvi ilə müşayiət olunurdu. Ermənistan bütövlükdə Qafqaz regionunda etnik təmizləmə siyasətini yürüdən işğalçı dövlət olmaqla yanaşı, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə xidmət edən bir dövlətdir. İşğal olunmuş ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitə vurulan ziyan regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. Yüzlərlə yaşayış məntəqəsi ermənilər tərəfindən qarət edilərək dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb, dəmiryol xətləri sökülərək yararsız hala salınıb. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı hədsiz dərəcədə böyükdür.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova iştirakçıları möhtəşəm Qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı. Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı.
Dövlət başçısı erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklərə, o cümlədən Kəlbəcər və Ağdam rayonlarının boşaldılması zamanı evlərin və digər mülki obyektlərin dağıdılaraq yandırılmasına, törədilən ekoloji fəlakətə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verəcəyi ilə bağlı mühüm mesajlarını vermişdir. Dosent Rəhilə Əhmədova onu da qeyd etdi ki, ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur. Azərbaycanın rayonlarına qarşı həyata keçirilən bu ekoloji terror həmin ərazilərin işğal edildiyi ilk günlərdən başlayıb. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə, ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir. Bu, ekoloji terrordur və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır. Vebinarın keçirilməsində məqsəd erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, torpaqlarımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə ictimaiyyətin məlumatlandırılması, aktual məsələyə elmi diqqətin cəlb edilməsidir.
Vebinarda Neft kimyası və kimya mühəndisliyi kafedrasının professoru Əkbər Ağayev vebinar iştirakçlarını salamladı və II Qarabağ müharibəsində erməni terroçularının Azərbaycan ərzisində apardığı terror hadisələrindən, dünya ölkələri tərəfindən qadağan olunmuiş fosfor bombasından istifadənin faciəli nəticələrindən, Azərbaycanın flora və faunasına təcavüzdən, xüsusilə Qarabağın ətaf rayonlarına su verilməməsi, həmin suların kimyəvi maddələrlə kəskin çirkləndirilməsi kimi çox ciddi tarixi cinayətlərindən danışdı və bu facilələrin aradan qaldırılması haqqında öz dəyərli məsləhətlərini verdi. Daha sonra professor Əkbər Ağayev vebinarın işinə uğurlar dilədi.
Vebinarda Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Ceyran Hümbətova “Qarabağ əbədi Azərbaycandır!” şeirini səsləndirdi.
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ixtisası üzrə təhsil alan magistrantlardan Kamal Orucov “Azərbaycan ərazisinə edilən ekoloji terror”, Gülnarə Ələkbərova “Ağ fosfor silahlarının Azərbaycana qarşı istifadə olunması və ekologiyaya ziyanı”, Ləman Nərimanova “Ekoloji gündəm”, Aynurə Fərhadova “Müharibə nəticəsində çaylara vurulan zərər” mövzularında çıxış etdikləri məruzələrdə Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhəboyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, torpaqlarımızın təbii resurslarının vəhşicəsinə istismarından danışdılar. Azərbaycanın işğaldan azad olunan ərazilərində 500 milyard dollar qiymətli təbii ehtiyatlara, 32 milyard dollar isə ətraf mühitə ziyan vurulduğunu diqqətə çatdırdılar. Bildirdilər ki, 30 illik ekoloji terror Azərbaycanın Sugovuşan kəndinin işğaldan azad olunması ilə sona çatdı. Tərtər çayı bol su ilə axır. Ermənistan həmişə məqsədli şəkildə su axınının qarşısını alırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax bölgələrində ekoloji tarazlıq təmin ediləcək. Sugovuşanın 3 oktyabr 2020-ci il tarixində erməni işğalından azad edilməsi regional ekobalansın bərpasına imkan yaradıb.
Vebinar elmi məruzələrin müzakirəsi ilə davam etdi. Müzakirələrdə tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Mətbuat xidməti