Mayın 22-də Sumqayıt Dövlət Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında əmək yarmarkası keçirildi. Bu gün ölkəmizdə gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq, gənclərin fəaliyyəti üçün yaradılmış geniş imkanlar səyəsində gənclik cəmiyyətin ən qabaqcıl qüvvəsinə çevrilmişdir. Gənclərin, xüsusilə də tələbə və məzunların əmək bazarına inteqrasiyası baxımından aktiv məşğulluq tədbirlərinin keçirilməsi məşğulluq xidməti orqanları qarşısında əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Bu baxımdan da hazırlıq mərhələsində universitetdə tədris olunan ixtisaslar müəyyən edilərək, həmin ixtisaslara uyğun kadrlara ehtiyacı olan müəssisə və təşkilatlarla müvafiq işlər aparılmışdır.
Tədbirdə tələbə və məzunlara 4-ü dövlət, 28-i qeyri-dövlət olmaqla 32 müəssisə və təşkilat tərəfindən 184 ştat vahidi boş iş yerləri (vakant vəzifələr) təqdim olunmuşdur. Belə ki, tədbirə təqdim olunan boş iş yerlərinin 46 ştat vahidi tədris, 6-sı elm, 34-ü sənaye, qalanları isə digər sahələrə aid olan vakansiyalar olmuşdur.
“Karyerada ilk addım” tədbirinin yekunu olaraq 34 nəfər məzuna göndəriş verilmişdir. İştirakçı işəgötürənlər tərəfindən 600 nəfər məzundan şəxsi məlumat (CV-ləri ) toplanmış və onlara fərdi iş aparılması nəzərdə tutulmuşdur.
Fəal məşğulluq tədbiri zamanı yerli sənaye və istehlak məhsullarının sərgisi də təşkil edilmişdir. Həmçinin şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli mükafatlandırma və tanıtım aksiyası təşkil etmişlər.
Mətbuat xidməti