Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndələri Şəhid ailələrini ziyarət etdilər
Yerləşdirilmə tarixi : 17 Yanvar 2021 22:09
SDU-nun nümayəndələri Şəhid ailələrini ziyarət etdilər
44 günlük müharibədə tarix yazan Azərbaycan! 27 sentyabrdan başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Noyabrın 8-i – ölkə Prezidenti cənab İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindəndir. Böyük Qələbəni bizlərə bəxş edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" –deyən Ulu öndər Heydər Əliyevin arzusunu yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 15- də Şuşa şəhərinə səfər etməsi əvvəlki səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük sevinc, fəxr və qürur hissi ilə qarşılandı. Ölkə başçısının rəhbərliyi ilə regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, düşmən tərəfindən gülləbaran edilən, uzun illərdir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin: Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərininin Şuşaya qayatarılması isə tarixi ədalətin bərpasının daha bir təsdiqi oldu. Eyni zamanda Qalib Ordunun Müzəffər Ali Baş Komandanının, birinci xanım Mehriban Əliyevanın, qızları Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın Şuşa şəhərində məşhur Cıdır düzündə armudu stəkanda milli mətbəximizin təamı olan paxlava ilə çay içməsi mədəniyyətimizə, tariximizə, torpaqlarımıza sahib çıxmaq istəyən düşmənə tərs sillə oldu. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə oldu. Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin – bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Həmişə olduğu kimi, bu gün də şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Cənab İlham Əliyev prezidentlik fəaliyyətində sosial sahəyə daim xüsusi diqqət və qayğı göstərir, imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi qərarlarla sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradır. Qeyd olunan insanlara diqqət və qayğının artırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müəllifi olduğu layihə və təşəbbüslər xüsusi önəm kəsb edir. Fond tərəfindən görülən işlər, eləcə də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə fəal inteqrasiyası məqsədilə həyata keçirilən digər tədbirlər Azərbaycanda sosial müdafiə siyasətinin daha da güclənməsində və onun əhatə dairəsinin genişlənməsində önəmli rol oynayır. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə diqqət və qayğısı hər bir dövlət məmuru və sıravi vətəndaş üçün örnəkdir. Şəhid ailələrinin mənzillə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin, torpaq sahələrinin, müavinət, pensiya və Prezident təqaüdünün verilməsi, şəhid övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı atılan addımlar dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Bu siyasətin davamı olaraq, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı Şəhid ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərilir. Yanvarın 15-də SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov və Azad Həmkarlar İttifaqı Komitəsinin rəhbəri dosent Elmar Xəlilov universitet əməkdaşlarının Vətən müharibəsində şəhid olan yaxınlarını ziyarət etdilər. Onlar ailənin yeganə övladı olan şəhid Fərhad İlham oğlu Əliyevin anası, 1993-cü ildən Sumqayıt Dövlət Universitetinin Kadrlar şöbəsində çalışan Tacə Əliyevanı və şəhid Tərlan Rövşad oğlu Rzayevin babası 2001-ci ildən universitetin mühafizə xidmətində işləyən Həsənbala Rzayevi ziyarət etdilər, qayğıları ilə maraqlandılar. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən nümayəndələr qeyd etdilər ki, onlar əsl tarix yazdılar, valideynləri sağ olunlar ki, belə məğrur övladlar böyüdüb, boyabaşa çatdırmışlar. Məlumdur ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması dövlət siyasətin əsas istiqamətlərindən biridir. Söhbət zamanı şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və universitetin rektoru professor Elxan Hüseynova minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az