SDU-da 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Müstəqilliyə gedən yolun başlanğıcı - 20 Yanvar 1990-cı il” onlayn elmi-praktik konfrans keçirildi
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Müstəqilliyə gedən yolun başlanğıcı – 20 Yanvar 1990-cı il” mövzusunda onlayn elmi-praktik konfrans keçirildi. Əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, faciənin tarixindən söz açdı. Qeyd etdi ki, XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqillik uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır. Qanlı Yanvar günü nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu faciəyə ilk etiraz səsini ucaldan və dünya ictimaiyyətinə çatdıran Ulu öndər Heydər Əliyev oldu. 20 Yanvar faciəsindən bir gün sonra Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı Səfirliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Rektor onu da vurğuladı ki, Azərbaycan xalqının son otuz illik dövrdə apardığı mübarizə nəticəsində formalaşaraq müasir vəziyyətə gəlmiş, çoxsaylı faciələr və qanlı-qadalı hadisələr yaşamış, şəhidlər vermişdir. Tarixboyu Azərbaycan xalqı həmişə əmin-amanlığın tərəfdarı olub, lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər Günü kimi həkk edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan Baş Nazirinin imzaladığı birgə bəyanata görə isə, Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi... Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusuna borcluyuq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 15-də Şuşa şəhərinə səfər etməsi əvvəlki səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük sevinc, fəxr və qürur hissi ilə qarşılandı. Ölkə başçısının rəhbərliyi ilə regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, düşmən tərəfindən gülləbaran edilən, uzun illərdir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin: Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərininin Şuşaya qayatarılması isə tarixi ədalətin bərpasının daha bir təsdiqi oldu. Eyni zamanda Qalib Ordunun Müzəffər Ali Baş Komandanının, birinci xanım Mehriban Əliyevanın, qızları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşa şəhərində məşhur Cıdır düzündə armudu stəkanda milli mətbəximizin təamı olan paxlava ilə çay içməsi mədəniyyətimizə, tariximizə, torpaqlarımıza sahib çıxmaq istəyən düşmənə tərs sillə oldu. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Konfransda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu. Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Müstəqilliyə gedən yolun başlanğıcı – 20 yanvar 1990-cı il” mövzusunda çıxış edərək bildirdi ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvərlərimiz öz sinələrini sovet tankları qarşısında sipərə çevirməklə Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu, xəyanətlərə qarşı barışmazlığını bir daha sübuta yetirdilər. İqtisadiyyat və idarəetmə fakültəsinn dekanı dosent Aynurə Yəhyayeva “Qarabağ savaşı: möhtəşəm zəfər, milli birlik” mövzusunda çıxış etdi. Qeyd etdi ki, bu gün qalib bir ölkənin vətəndaşı kimi çıxış etmək qürurverici bir hissdir. Nə xoşbəxt insanıq ki, Azərbaycanın şanlı tarixinin yazıldığı bu günlərə şahidlik edirik. Qarabağ hər bir azərbaycanlının insani hissələrinin incə bir teli, hər bir azərbaycanlının özünə namus, qeyrət qədər dəyərli saydığı müqqəddəs torpaq, hər bir azərbaycanlı ailəsinin nisgili və həsrəti və ən nəhayət, hər bir azərbaycanlının sevgisi və gözündən axıtdığı həm sevinc, həm kədər göz yaşının səbəbkarıdır. Məhz bu hisslər 30 illik işğala və həsrətə 44 günlük Böyük Vətən müharibəsi ilə son qoydu. Artıq Azərbaycan üçün həm siyasi, həm də iqtisadi cəhətdən yeni səhifə, yeni dövr başlayır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. SDU THİK-nın sədri Nemət İbayev “Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsinin İlham Əliyev mərhələsi” mövzusunda çıxış edərək, 20 Yanvar hadisələrinin Azərbaycanın tarixindəki rolundan və 20 Yanvar şədlərimizin azadlıq və müstəqillik yolunda apardıqları mübarizədən danışdı. O,Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini vurğuladı və bu faciədə dövlət müstəqilliyimiz uğrunda canlarından keçən oğul və qızlarımızın daim gənclər üçün nümunə olduğunu bildirdi. Qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. Filologiya fakültəsinin tələbəsi Aynur Əliyevanın ifasında Şair Baba Vəziroğlunun II Qarabağ müharibəsinə həsr olunmuş “Azərbaycan” şeiri səsləndirildi.
Mətbuat xidməti