Əməkdaşlarımız Dual Study (ikili təhsil) proqramının onlayn seminarında iştirak etdilər
Yanvarın 27-də DAAD (Alman Akademik Mübadilə Xidməti) və AHKnın (Alman–Azərbaycan Xarici Ticarət Palatası) bərabər layihəsi olan Dual Study (ikili təhsil) proqramının onlayn seminarı keçirildi. İlk öncə AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili üzrə Təlimi İşçi Qrupunun sədri Dəyanət Əhmədov seminar iştirakçılarını salamladı və iclasın gedişatı barədə məlumat verərək, tədbirin əhəmiyyətindən danışdı. AHK Azərbaycanın Peşə təhsili üzrə rəhbəri Dr. Magnus Müller və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD-ın rektoru Dr. Michael Beckin moderatorluğu ilə keçirilən seminar qonaqların təqdimatları ilə davam etdi. Seminarda ilk təqdimat Brandenburq əyalətinin İkili Təhsil üzrə Agentliyinin direktoru Franziska Kuhl “İkili Təhsil – təcrübədə necə işləyir?” mövzusunda oldu. O, Almaniyanın Brandenburq federal əyalətində yerləşən agentlikləri haqqında da məlumat verərək, Almaniyada təhsil proqramının tarixindən, geniş yayılmasından danışdı. Bildirdi ki, nəzəriyyə ilə təcrübənin qarşılığı olan bu proqramda tələbələr ilk öncə universitetdə qeydiyyata alınır, daha sonra vaxtaşırı universitet–şirkət olaraq yerdəyişmələr edir. Dərəcə aldıqdan sonra tələbələr şirkətdə işçi kimi qalırlar. Bu bir növ universitet– tələbə–şirkət əməkdaşlığıdır. Bunun üçün universitetlə şirkət arasında əməkdaşlıq müqaviləsi, tələbə ilə əmək müqaviləsi bağlanır. Daha sonra AHK Kolumbiyada mütəxəssis olan Peter Hirsch İkili Təhsil – “Latın Amerikası timsalında uğur modeli” təqdmatı ilə çıxış etdi. O, Latın Amerikası timsalında ikili təhsilin uğurlarından, dual təhsilin, Alman ticarət palatasının üstünlüklərindən danışdı. Almaniyada şirkətlərin bu təhsil modelinə ildə 26 milyon avro yatırım etdiklərini vurğuladı. Həmçinin şirkətlərin bu təhsilə niyə yatırım etməsi və universitetlər üçün faydaları haqqında məlumat verdi. Təqdimatlardan sonra iştirakçıların dual təhsillə bağlı sualları cavablandırıldı. Belə bir proqramın maliyyələşmə imkanları haqqında danışıldı, bunun üçün mütləq Alman tərəfdaş universitetinin olması vurğulandı. Sual-cavab müzakirələri zamanı “Azərbaycanda dual təhsil potensial layihəsi həyata keçirilərsə, hansı istiqamət maraqlı olar?” sorğusu keçirildi. Seminarda Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Elektromexanika kafedrasının müdiri dos. T.Hüseynov, Karyera Mərkəzinin müdiri dos. Ə.İsayev, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı N. Quliyeva iştirak etdilər. Qeyd edək ki, Azərbaycanda da bu təhsil proqramının həyata keçirilməsi üçün addımlar atılır.
Mətbuat xidməti