Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” mövzusunda onlayn formatda məşğələ keçirildi
Yerləşdirilmə tarixi : 02 Fevral 2021 16:04
SDU-da “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” mövzusunda onlayn formatda məşğələ keçirildi

Fevralın 2-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” mövzusunda onlayn formatda məşğələ keçirildi. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri və digər müvafiq struktur bölmələrinin məsul şəxsləri, ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak etdilər. Əvvəlcə Gənclər Günü ilə əlaqədar tələbələrin hazırladığı videoçarx nümayiş olundu. Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi və Azərbaycan Gənclər siyasətinin banisi ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə verdiyi önəm və onların inkişafı uğrunda gördüyü işlərdən ətraflı bəhs etdi. Bildirdi ki, Azərbaycanda gənclər siyasətinə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanılıb. Gənclər siyasətinin əsasını dövlətin gənclərə qayğısı təşkil edir. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969–1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişlər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Məhz ümummilli liderin 1997-ci ildə imzaladığı fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər Günü Azərbaycanda qeyd olunmağa başlamışdır. Ulu öndərin uğurlu siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Rektor onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitseprezidenti, Mehriban xanım Əliyeva gənclərin mənəvi və fiziki inkişafına, elmiintellektual potensialının artırılmasına, onların əsl vətəndaş kimi formalaşmalarına xüsusi diqqət və qayğı göstərir. Bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Rektor gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzuladı. Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının Gənclərlə iş üzrə sədr müavini, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Ulu öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır. Azərbaycan gəncliyi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir. Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Ulu öndər Heydər Əliyevin dövlət gənclər siyasətində milli mənəvi dəyərlər amili” mövzusunda çıxış edərək ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət–din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasında xidmətləri əvəzsizdir. Mühəndislik fakültəsinin IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı “İlham Əliyevin dövlət gənclər siyasətinin Sumqayıt Dövlət Universitetində təbliği” mövzusunda çıxış edərək diqqətə çatdırdı ki, Tələbə Gənclər Təşkilatı gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində bir sıra tədbirlər həyata keçirir, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə dövlətçilik ənənələrinə sədaqətin parlaq təcəssümünü nümayiş etdirir. SDU-nun tələbə gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər. İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Türkan Seyfullayeva “Müstəqil Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Sara Əlizadə “Müzəffər Ali Baş Komandan İlham Əliyev və 44 günlük zəfərimizdə gənclərin rolu” mövzularında çıxış etdilər. Qeyd etdilər ki, bu böyük tarixi döyüşdə ölkəmizin vətənpərvər və qəhrəman gəncləri, müzəffər Azərbaycan Ordusu parlaq qələbə qazandı. Biz də bu şanlı qələbənin canlı şahidləriyik. Qazanılan uğurun, Azərbaycan Ordusunun şücaətinin gələcək nəsillərə ötürülməsi də önəmli məqamlardan biridir. Tələbələr gənclərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin universitet rəhbərliyinə təşəkkür edərək, göstərilən etimadı layiqincə doğruldacaqlarını bildirdilər. Sonda universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup gənc rektor professor Elxan Hüseynov tərəfindən onlayn formatda fəxri fərmanla təltif olundu.

 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az