SDU-nun Tələbə Gənclər Təşkilatı ATGTİ tərəfindən mükafatlandırıldı
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı növbəti dəfə mükafatlandırıldı.
Fevralın 1-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2 Fevral Gənclər günü münasibətilə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dəmir Yumruq, Dəmir Gənclik” adlı tədbir keçirildi.
Onlayn formatda keçirilən tədbirdə ATGTİ-nin sədri Pərviz Mirələmli 44 günlük Vətən Müharibəsi zamanı gənclərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirərək, ön və arxa cəbhədə düşmənlə mübarizədə sərgilədiyi şücaəti barədə ətraflı çıxış etdi.
Görüş zamanı Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gəncləri 2 fevral Gənclər Günü ilə bağlı təbrik etdilər.
Bundan başqa, TGT sədrləri fəxri ad və Fəxri Fərmanlarla təltif olundular. Eyni zamanda, yüzlərlə gənc Vətən Müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakı və ümumi fəaliyyətləri üzrə mükafatlandırıldılar.
Onların sırasında SDU-nun Tələbə Gənclər Təşkilatının 28 gənci Vətən Müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakı və ümumi fəaliyyətləri üzrə ATGTİ tərəfindən mükafatlandırıldılar.
Qeyd edək ki, SDU-nun tələbə gəncləri universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və Sumqayıt şəhərinin ictimai-siyasi həyatında aktiv iştirakına xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, SDU-nun tələbələri 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, eləcə də COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində yüksək fəallıq nümayiş etdiriblər.
Mətbuat xidməti