SDU-da “Ana dilimizi sevək və qoruyaq” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi
Fevralın 20-də Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi sevək və qoruyaq” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi.
Tədbirdə SDU-nun Filologiya fakültəsinin professor-müəllim heyəti, magistrant, doktorant və dissertanları, qonaq qismində isə AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri professor Buludxan Xəlilov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova, BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova, BSU-nun Türkologiya kafedrasının dosenti Nuridə Novruzova, Azərbaycan dili kafedrasının professoru İkram Qasımov, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının professoru Yadigar Əliyev iştirak etdilər.
Tədbiri giriş sözü ilə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, universitetin rektoru professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına, qonaqlara çatdırdı və 21 Fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunmasının vacibliyindən danışdı, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirdi. Xatırlatdı ki, 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə BMT tərəfindən qəbul olunaraq təsdiqlənmişdir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək,onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Prorektor onu da qeyd etdi ki, bir çox dövlətlərdə olduğu kimi, respublikamızda da bu əlamətdar gün qeyd olunur. Sevindirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Bu istiqamətdə Ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycan dilinin qorunub-saxlanılmasında misilsiz xidmətlər göstərib. Hazırda bu ənənələri dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirməkdədir.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək qeyd etdi ki, 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə tələbələrin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir. Dekan onu da vurğuladı ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ümummilli liderimiz Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli çıxış edərək Beynəlxalq Ana Dili Gününün dünya ölkələri tərəfindən böyük təntənə ilə qeyd olunmasından, dilin ünsiyyət vasitəsi, millətin simasını səciyyələndirən əsas amillərdən, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti və qan yaddaşı olmasından danışdı. Bildirdi ki, Azərbaycan dili dünya dilləri arasında özünəməxsusluğu ilə seçilir və xalqımızın milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov “Ana dili mücadiləsi müstəqillik uğrunda mübarizənin tərkib hissəsi kimi”, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev “Ana dilimiz: mövcud durum və problemlər”, ADPU-nun Azərbaycan dili kafedrasının müdiri professor Buludxan Xəlilov “Azərbaycan dilinin tətbiqi məsələləri”, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Ana dilimizin saflığının qorunması və qarşıda duran vəzifələr”, BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva “Dil siyasəti və əlifba məsələsi”, ADPU-nun Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova “Dilimiz ruhumuzun qidasıdır“, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova “Çağdaş Azərbaycan dilinin aktual problemləri”, BSU-nun Türkologiya kafedrasının dosenti Nuridə Novruzova “Bakı şəhərində Dövlət dilinin tətbiqi problemləri”, BSU-nun Azərbaycan dili kafedrasının professoru İkram Qasımov “Reklamların dili haqqında”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının professoru Yadigar Əliyev “Azərbaycan dilində leksik-terminoloji yeniləşmədə Türkiyə türkcəsi sözlərinin iştirakı”, SDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Günel Paşayeva “Sosial şəbəkələrin ana dilimizə təsiri”, baş müəllim Xəyalə Mürsəliyeva “Ana dilinin inkişafında müəllimin rolu” mövzularında çıxış etdilər. Natiqlər Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışdılar, dövlətin uğurlu dil siyasəti apardığını vurğuladılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının dilimiz üçün əhəmiyyətini yüksək qiymətləndirdilər. Ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənməyin hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğunu qeyd etdilər.
Tədbirdə alimlər mövzu ilə əlaqədar yaranan sualları ətraflı cavablandırdılar və tədbirin təşkilinə görə SDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını bildirdilər.
Mətbuat xidməti