Fizika və elektroenergetika fakültəsində “Qarabağdan qucaqda gələn körpələr, tank belində qayıtdılar” adlı onlayn formatda tədbir keçirildi
Fevralın 24-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Fizika və elektroenergetika fakültəsində Xocalı soyqırımına həsr olunmuş " Qarabağdan qucaqda gələn körpələr, tank belində qayıtdılar" adlı onlayn formatda tədbir keçirildi.
Tədbir Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı və faciəni əks etirən videoçarx nümayiş etdirildi.
Fakültənin dekanı dosent Tamella Əhmədova çıxış edərək qeyd etdi ki, bu il biz Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edirik. Nəhayət, 29 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Qısa zaman kəsiyində düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların hamısının qisası alınmış oldu. Xocalı soyqırımı insanlıq tarixinə ən dəhşətli hadisələrdən biri kimi daxil olmuşdur. Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən başlayaraq hər il ölkəmizdə 26 Fevral –“Xocalı Soyqırımı Günü” qeyd olunur və Xocalı qurbanlarının xatirəsi yad olunur. Bu gün Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. Müxtəlif ölkələr bu faciəni insanlığa qarşı törədilən cinayət aktı kimi qiymətləndirirlər.
Dekan onu da qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948–1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da, Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni idealogiyası "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Günay Məmmədova “Erməni terrorçularının və Müstəqil Dövlətlər birliyinə məxsus 366-cı motoatıcı alayın hərbiçilərinin iştirakı ilə dinc əhaliyə edilən soyqırımı” mövzusunda çıxış edərək tədbir iştirakçılarına geniş məlumat verdi. Digər natiqlər də çıxış edərək vurğuladılar ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən qaytarıldı. Müharibə bitdikdən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin ilk olaraq qazilərimizlə görüşdü. Bu qələbəni şəhidlərimiz, qazilərimiz, bütünlükdə Azərbaycan Ordusunun əzmi ilə qazandığımızı vurğuladı. Biz tariximizi qanımızla yazan xalq olmuşuq. Artıq qürurla deyə bilərik: “QARABAĞ AZƏRBAYCANDIR! QARABAĞ AZƏRBAYCANINDIR!”
Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Mətbuat xidməti