Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki vebinar keçirildi
Yerləşdirilmə tarixi : 25 Fevral 2021 17:40
SDU-da “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki vebinar keçirildi
Fevralın 25-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Zoom” platforması üzərindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki vebinar keçirildi.
Vebinarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin aparıcı mühəndisi b.f.d. Elnur Nəsirov, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun direktoru tex.f.d., dos. Elman Qəmbərov və laboratoriya müdiri tex.e.n., dos. Qara Cəfərov, Sumqayıt şəhər Sukanal idarəsinin rəis müavini Xalid Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sektor müdirləri: Rafiq Şəmiyev, Vüsal İbrahimli və digər əməkdaşlar, Sumqayıt şəhər 1 nömrəli Usaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə xanım, şöbə müdiri Sevinc Məhərrəmova və mərkəzin digər əməkdaşları, eləcə də SDU-nun Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti, magistrant və tələbələri iştirak etdilər.
Vebinarı giriş sözü ilə açan Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova qonaqları və iştirakçıları salamladı, mövzu ilə bağlı ətraflı çıxış etdi. Ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, həmçinin su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli Sərəncam imzalandığını xatırlatdı. Qeyd etdi ki, Sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib, Tədbirlər planının icrası ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.Ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir.
SDU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov son illərdə su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində görülmüş işlər barədə məlumat verdi. Bütün canlı orqanizmlərin yaşaması üçün suyun əvəzedilməz şərt olaraq böyük rol oynadığını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su problemlərinin aradan qaldırılması, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq sərəncamını və bu sahədə müəyyənləşdirilmiş 2020–2022-ci illər üçün Tədbirlər Planı haqda məlumatları diqqətə çatdırdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov “Su ehtiyatlarından səmərəli istifadə”, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin aparıcı mühəndisi b.f.d. Elnur Nəsirov “Su ehtiyatlarının idarə olunmasının aktual problemləri”, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun laboratoriya müdiri tex.e.n., dos. Qara Cəfərov “Su ehtiyatları və sudan istifadənin əsas istiqamətləri”, Sumqayıt şəhər Sukanal idarəsinin rəis müavini Xalid Quliyev “Sumqayıt şəhərinin su təchizatı” mövzularında məruzə ilə çıxış etdilər. Bildirdilər ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri paytaxt Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün bölgələrində həyata keçirilir: sugötürücü sistemlər yenilənir, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilir, magistral və şəbəkə su və kanalizasiya xətləri çəkilir, çirkab sutəmizləyici qurğular yaradılır, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırdılar ki, Şanlı Ordumuzun azad etdiyi ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək. Həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.
Vebinar elmi məruzələrin müzakirəsi ilə davam etdi. Müzakirələrdə tələbələrin çoxsaylı sualları cavablandırıldı
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az