Əsrin faciəsi -Xocalıya gedən yol
Fevralın 25-də Sumqayıt Dövlət Universitetinin Filologiya Faküləsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Əsrin faciəsi –Xocalıya gedən yol” adlı onlayn formatda tədbir keçirildi.
Tədbiri Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açaraq bildirdi ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 29 il keçir. Azərbaycanlılara qarşı ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən, mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalı soqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası uğurla həyata keçirilir.
Dosent Sevinc Həmzəyeva onu da qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edildi. Tezliklə Xocalı sakinləri öz doğma şəhərlərinə qayıdacaqlar.
Filologiya elmləri doktoru, professor, şair, publisist Rafiq Əliyev və Filologiya elmləri doktoru, professor Aslan Bayramov çıxış edərək bildirdilər ki, xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında və rəşadətli, şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımının intiqamını aldı.
Sonra erməni vandalizmini əks etdirən videoçarx təqdim edildi.
Daha sonra Kimya və Biologiya fakültəsinin I kurs tələbəsi Fərhad Ələkbərli “Azərbaycan heykəltaraşlığında Xocalı faciəsi” mövzusunda Xocalı abidəsinin önündə məlumat verdi. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Hənifə Zamanlının ifasında “Oyan Xocalım!” adlı səhnəcik nümunəsi təqdim olundu. Filologiya fakültəsinin II kurs tələbəsi İmran Hüseynli “Bədii sənət nümunələrimizdə faciələrimiz” adlı təqdimatla çıxış etdi. Universitetin müxtəlif fakültələrindən olan tələbələr Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərini təqdim etdilər. Rəsmlərin sərgisindən sonra Filologiya Fakültəsinin III kurs tələbəsi Aytac Heydərlinin ifasında “Xocalım” mahnısı, universitetin digər tələbələrinin ifasında olan “Azərbaycan “ mahnısı ilə sintez olunaraq təqdim olundu. Təqdimatın sonunda şəhidlərimizin adlarının əks olunduğu videoçarx təqdim olundu.
Mətbuat xidməti