SDU-nun rektoru Novruz bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
Novruz bayramı xalqımızın ən qədim, dəyərli və sevimli bayramlarındandır. Novruzun xalq arasında keçirilmə tarixini dəqiq söyləmək qeyri-mümkündür. Lakin bu bayram xalqın ən ülvi duyğularının, sülh, dostluq, birlik, səmimiyyət, mərhəmət hisslərinin yüksək ifadəçisinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründən Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi irsimizə xüsusi diqqətlə yanaşırlar. Xalqımız bu bayramı daha böyük şövqlə, yüksək əhval-ruhiyyədə qeyd edir. Çünki ölkədə həyata keçirilən uğurlu siyasət, başlanan genişmiqyaslı islahatlar iqtisadiyyatda və insanların sosial rifahında əhəmiyyətli dərəcədə yüksəlişə səbəb olub.
Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunur. Biz indi Novruzu illərdir həsrətini çəkdiyimiz Qarabağın azadlığının yaratdığı qürurverici şadyanalıqla qeyd edirik. 30 illik həsrətdən, nisgildən sonra Qarabağımızın üzü güldü, başındakı qara duman çəkildi, bayram-bayrama qarışdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz, canlarını, qanlarını bu torpağa qurban edən şəhidlərimiz elimizə, obamıza qələbə, bayram ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidləri bir andaca gerçək oldu.
Ali Baş Komandan Şuşaya səfər edərək, Cıdır düzündən, Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidən bir daha bəyan etdi ki, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi: “Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”.
Cənab İlham Əliyev Cıdır düzündə Novruz bayramının əsas simvollarından biri olan paxlava ilə armudu stəkanda çay içərək, həm Azərbaycanın dostlarına, həm də düşmənlərinə mesaj da verdi: “Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!” Bəli, bu bayramda arzu, ümidlərimizdən qanadlanaraq Qarabağda şölə saçan Qələbə tonqallarımızın tüstüsü düşmənin gözünü bir daha kor etdi. Əminik ki, biz 2021-ci ili də uğurla başa vuracağıq. Azərbaycan koronavirus sınağından da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik və birlik göstərməliyik.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov universitetin bütün əməkdaşlarını qarşıdan gələn bahar təravətli Novruz bayramı münasibətilə təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzuladı, bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi.
Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı əmrə əsasən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
Novruz bayramınız mübarək olsun!
Mətbuat xidməti