SDU-nun nümayəndələri Novruz bayramı münasibəti ilə şəhid ailəsini ziyarət etdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi yüksək qayğının təzahürüdür ki, hər yerdə bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı olaraq şəhid ailələrini ziyarət edir, ailələrə hörmət və ehtiram göstərilir. Martın 16-da SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Azad Həmkarlar İttifaqı Komitəsinin rəhbəri dosent Elmar Xəlilov və bir qrup gənc torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olan kapitan Kamran Vaqif oğlu İsmayılovun ailəsini Novruz bayramı münasibəti ilə ziyarət etdilər, ailə üzvlərinə bayram sovqatı təqdim etdilər və ailənin qayğıları ilə maraqlandılar.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən prorektor dosent Ramiz Hüseynov qeyd etdi ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə görə Azərbaycan xalqı Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, o cümlədən igid zabit və əsgərlərimizə, qazilərimizə, ən əsası da, canını Vətən yolunda fəda edən şəhidlərimizə minnətdardır. Onların diqqətdə saxlanması bizim vətəndaşlıq borcumuzdur və hər birimiz bacardığımız qədər ərazi bütövlüyümüz uğrunda canından, qanından keçən qəhrəmanlarımızın ailələrinin, sağlamlığını itirmiş igidlərimizin yanında olmalı, mənəvi dəstəyimizi əsirgəməməliyik.
Söhbət zamanı kapitan Kamran İsmayılovun xanımı Lamiyə xanım bildirdi ki, Kamran İsmayılov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, 2012–2013-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) zabit hazırlığı kursunda təhsilini yüksək nailiyyətlərlə başa vuraraq, motoatıcı tağım komandiri ixtisası üzrə ordu sıralarında xidmətə başlamışdır.
Leytenant K.İsmayılov 2013-cü ildə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyinat almış, 2013–2017-ci illərdə Tovuz rayonunda, 2017–2018-ci illərdə Qazax rayonunda yerləşən “N” saylı hərbi hissələrdə xidmətini davam etdirmişdir. 2016-cı ildə baş leytenant rütbəsi alan K.İsmayılov 2018-ci ildə Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri olaraq xidmətə başlamışdır. 2020-ci ildə kapitan rütbəsinə layiq görülən K.İsmayılov hərbi xidmətinin müxtəlif dövrlərində III dərəcəli “Qüsursuz xidmətə görə” medalı daxil olmaqla, dəfələrlə yuxarı komandanlıq tərəfindən fəxri fərman və digər diplomlarla təltif olunmuşdur.
Kapitan Kamran İsmayılov 44 günlük müharibənin ilk günlərindən ön cəbhədə gedən döyüşlərdə fəal iştirak etmiş, 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, oğlu Kənan dünyaya gələndə Vətən üçün daha bir əsgər yetişəcəyinə görə qürur duyurdu. Şəhid Kamran İsmayılovun ötən ay qız övladı dünyaya gəlib, körpənin adını atasının arzusu ilə Günay qoyublar. Onu da vurğulayaq ki, kapitan Kamran Vaqif oğlu İsmayılov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mətbuat xidməti