Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən ali məktəblərdə “Sahibkarlığın təşviqində vergi siyasətinin rolu” mövzusunda onlayn seminar keçirildi
Martın 17-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə heyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin təşkil etdiyi “Sahibkarlığın təşviqində vergi siyasətinin rolu” mövzusunda onlayn seminarda iştirak etdilər.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov seminarı giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun qəhrəmanlığı sayasində erməni işğalçıları üzərində qazanılmış qələbənin əhəmiyyətindən, dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşılmasından, müəllim və tələbələr üçün keçirilən təlim və seminarların mövcud faydalarından bəhs etdi.
Seminarda Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti ilə Sumqayıt Dövlət Universiteti arasında olan ikitərəfli əməkdaşlığın nəticəsi olaraq müəllim və tələbə heyətinin vergi siyasətinin təşviqi ilə bağlı təlimlərə dəvət olunması mühüm əhəmiyyət kəsb edir. Loğman Abdullayev onu da bildirdi ki, seminarda Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 30 nəfərdən ibarət müəllim, tələbə heyəti iştirak edirlər.
Çıxışlardan sonra Tədris Mərkəzinin təlimçiləri: Orxan Balayev və Aqşin Əliyev sahibkarlıq fəaliyyətinin hüquqi normaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, vergi ödəyicilərinin uçotu, sahibkarlığın dövlət tənzimlənməsi, bu istiqamətdə dövlətin apardığı uğurlu islahatlar və sahibkarlığın təşviq edilməsində vergi siyasətinin rolu mövzularında məruzə ilə çıxış etdilər.
Mövzu ilə bağlı geniş müzakirələr aparıldı, suallar təlimçilər tərəfindən cavablandırıldı.
Mətbuat xidməti