SDU əməkdaşları Təhsil İnstitutunun tədbirində
Martın 18-də Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?” adlı növbəti tədbiri keçirildi.
Tədbirdə innovativ sahibkarların iqtisadi inkişafdakı rolu və bu sahibkarlardan biri olmağın yolları müzakirə edildi. Eyni zamanda ali təhsilin sahibkarlığın inkişafına verdiyi töhfənin əhəmiyyəti barədə məlumat verildi.
Vebinarda spiker qismində “Allsee Technologies” MMC-nin təsisçisi və icraçı direktoru Dr. Baoli Zhao çıxış etdi. O, nitqin tanınması üzrə doktorantura təhsilini Nottinqem Trent Universitetində və Executive MBA dərəcəsini Oksford Universitetində alaraq, hal-hazırda Oksford Universitetinin İnnovasiya Mərkəzində mentor olaraq fəaliyyət göstərir. Dr. Baoli Zhao eyni zamanda iri və kiçik firmaları bir araya gətirərək, Birləşmiş Krallığı dünyanın ən iddialı şirkətlərinə ev sahibi etmək üçün qurulan "Be the Business" hərəkatının səfiridir.
Qeyd edək ki, vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulmuşdur. Sumqayıt Dövlət Universiteti də Azərbaycan Təhsil İnstitutu tərəfindən tədbirə dəvət olunmuşdur. İngilis dilində keçirilən tədbirdə Tədris Metodik Mərkəzin metodisti Sədaqət Fətullayeva, İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının müəllimləri: İmran Əmirov və Şöhrət Əliyeva iştirak etdilər.
Mətbuat xidməti