SDU-nun alimi Sankt Peterburq Dövlət İqtisad Universitetində onlayn formatda keçirilən XI Beynəlxalq Elmi-praktiki konfransda ekspert qismində iştirak etdi
Azərbaycan dövlətinin dünya ölkələri arasında nüfuzunun ildən-ilə yüksəlməsində, bütün sahələrdə çiçəklənib qüdrətli və tolerant bir respublika kimi tanınmasında elm və təhsilin böyük rolu vardır. Elm və təhsilin ardıcıl və güclü dinamikası hər hansı bir xalqın yalnız milli-əqli potensialının deyil, həm də onun iqtisadi gücünün, hərbi-siyasi qüdrətinin inkişaf tempini müəyyənləşdirir. Ölkəmizin təhsil sahəsində əldə etdiyi nailiyyətlərin xarici ölkələrdə geniş təbliğ olunması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi ali təhsil müəssisəsi qarşısında duran prioritet məsələlərdəndir. Bu gün beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən Sumqayıt Dövlət Universiteti ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq, Xəzəryanı Dövlət Universitetləri və Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvü olmuşdur. SDU bir çox xarici ölkələrin qabaqçıl ali təhsil müəssisələri ilə iki-, çoxtərəfli müqavilələr və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq həyata keçirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Universitetin professor-müəllim, tələbə heyəti dünyanın bir çox nüfuzlu ali məktəblərində layiqincə təmsil olunur, təcrübə keçir. Əldə olunan uğurlar beynəlxalq səviyyədə keçirilən konfranslarda maraqla qarşılanır.
Martın 22-dən 26-dək Rusiya Federasiyasının Sankt Peterburq Dövlət İqtisad Universitetində “Maliyyə arxitekturası: yeni reallıqlara çağırışlar” mövzusunda “ZOOM” platforması üzərindən onlayn formatda XI Beynəlxalq elmi-praktiki konfrans keçirildi. Beynəlxalq konfransa Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev ekspert olaraq dəvət olunmuşdu.
Dosent Loğman Abdullayev konfrans çərçivəsində martın 25-də “Mühasibat uçotunun inkişafının qlobal trendləri, rəqəmsal iqtisadiyyatda biznes təhlili və audit” mövzusunda, martın 26-da “Mühasibat uçotunun nəzəriyyəsi və praktikası, biznes təhlili və audit: keçmiş zaman, müasir və gələcək dövr” mövzusunda çıxış etdi, plenar iclaslarda aparılan müzakirələrdə yaxından iştirak etdi.
Konfransın bağlanışında müzakirə olunan mövzulara dair təkliflər səsləndirildi.
Mətbuat xidməti