SDU-da Elm günü münasibətilə "Nizami Gəncəvinin elmi baxışları" mövzusunda gənc alim və tədqiqatçılarla onlayn formatda görüş keçirildi
2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il “Nizami Gəncəvi İli” elan olunub. Sərəncama əsasən Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə genişmiqyaslı fəaliyyət planının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər həyata keçirilir.
Martın 29-da Elm günü münasibətilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş "Nizami Gəncəvinin elmi baxışları" mövzusundaAMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, Nizami irsinin tədqiqatçısı dosent Əzizağa Nəcəfovun SDU-nun bir qrup gənc alim və tədqiqatçıları ilə onlayn formatda görüşü keçirildi.
Görüş filologiya üzrə fəlsəfə doktoru Xəyalə Mürsəliyevanın moderatorluğu ilə baş tutdu. O, qonağı və tədbir iştirakçılarını salamladı və Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə qeyd edildiyini bildirdi. Vurğuladı ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Ölməz sənətkarın 1981-ci ildə Ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqat işləri aparılmış, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək, universitetdə gənc alimlər üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Sumqayıt Dövlət Universiteti nəzdində 6 ixtisas üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya Şuraları, həmçinin Gənc alimlər Şurasının yaradıldığını diqqətə çatdırdı. Universitetdə gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində mühüm adımlar atıldığını, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etmələri üçün tədbirlər görüldüyünü vurğuladı. Qeyd etdi ki, bugünkü görüş də gənc alim və tədqiqatçılar üçün olduqca əhəmiyyətlidir.
Professor Ramazan Məmmədov Nizami Gəncəvi yaradıcılığından, Nizami irsinə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, Nizaminin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximiz, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, Nizami irsinin tədqiqatçısı dosent Əzizağa Nəcəfovun SDU-nun gənc alimləri və tədqiqatçıları üçün xüsusi hazırlanmış məruzəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyat və yaradıcılığından, dahi şəxsiyyətin fəlsəfi fikirlərindən, müxtəlif elm sahələrinə bələd olmasından, dünyanın tanınmış şərqşünaslarının mütəfəkkir haqqında araşdırmalarından geniş bəhs olundu. Əzizağa Nəcəfov onu da diqqətə çatdırdı ki, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb-yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
SDU-nun Doktorantura və magistratura şöbəsinin müdiri Sabir Xəlilov çıxış edərək görüşün əhəmiyyətindən bəhs etdi.
Gənc alimlər və tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanan məruzədə iştirakçıların çoxsaylı sualları cavablandırıldı. Nizami Gəncəvinin elmi baxışları ətrafında geniş fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti