SDU-da “Zəfərin izi ilə” adlı onlayn formatda bədii tədbir keçirildi
Martın 30-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə II Qarabağ müharibəsi iştirakçılarına həsr olunmuş “Zəfərin izi ilə” adlı onlayn formatda bədii tədbir keçirildi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbir Maliyyə və mühasibat uçotu kafedrasının assistenti i.ü.f.d Dilarə Əmiraslanovanın moderatorluğu ilə baş tutdu. O, qonaqları və tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi dövründə öz təşəbbüsləri ilə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən, möhtəşəm Zəfərin qazanılmasına töhfəsini vermiş şəxslərin geniş ictimaiyyətə təqdim edilməsi, gənclərimizdə vətənpərvərlik hissinin daha da artırılmasıdır.
Tədbir iştirakçılarını salamlayan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva bildirdi ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq. Dekan həmçinin Vətən müharibəsində şəhid olan universitet məzunları və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs etdi. Vurğuladı ki, şəhid ailələri, qazilər dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun təşəbbüsü ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı olaraq şəhid və qazi ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərirlər.
Sonra İqtisadiyyat və idarəetmə fakültəsinin II Qarabağ müharibəsində iştirak etmiş qəhrəman tələbə və məzunları barədə videoçarx iştirakçılara təqdim olundu.
İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Hənifə Zamanova vətənpərvərlik ruhunda olan “QARABAĞA gedirəm” şeirini səsləndirdi, İqtisadiyyat ixtisası IV kurs tələbəsi Alı Alıyevin ifasında “QARABAĞ ŞİKƏSTƏSİ” səsləndirildi.
İqtisadiyyat və idarəetmə fakültəsinin məzun və tələbə qaziləri Menecment ixtisası üzrə 781 saylı qrupun məzunu Fərid Rövşən oğlu Abdullayev, Mühasibat uçotu və audit ixtisasının məzunu, hal-hazırda doktorantı Həmid Aqil oğlu Hüseynzadə, Biznesin idarə olunması ixtisası üzrə 717-2 saylı qrupun qiyabi tələbəsi Elmin Elşad oğlu İbrahimov, İqtisadiyyat ixtisası üzrə 717-6 saylı qrupun qiyabi tələbəsi İsmayıl Vidadi oğlu İsmayıllı, Biznesin idarə olunması ixtisasısı üzrə 716-2 saylı qrupun qiyabi tələbəsi Vüsal Cəmil oğlu Verdiyev, Mühasibat uçotu və audit ixtisası üzrə 716-3 saylı qrupun məzunu İsmayıl Haqverdi oğlu Qurbanov çıxış edərək keçdikləri döyüş yolundan, Vətən müharibəsində qazanılan şanlı qələbədən və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyulduğundan danışdılar.
Sonra işğaldan azad olunmuş rayonlar haqqında videorçarx nümayiş olundu.
Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Emil Məmmədov vətənpərvərlik ruhunda olan “Qucaqda gedib Tank belində geri gələn oğullarımız” a həsr olunan şeiri, Biznesin idarə edilməsi ixtisası üzrə 722a qrupun tələbəsi Ülviyyə Hüseynzadə “QƏLƏBƏ” şeiri, İqtisadiyyat ixtisası üzrə 700 saylı qrupun tələbəsi Alı Alıyevin ifasında “Xudayar təsnifi” səsləndirildi.
I Qarabağ müharibəsində şəhid olmuş (Sumqayıtın ilk şəhidi) Yalçın Rafiq oğlu Köçərlinin bacısı, həmçinin fakültənin Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Hicran Köçərli çıxış edərək qardaşı ilə hər zaman fəxr etdiyini, Vətənə bağlılığının həddən artıq çox olduğunu söylədi. Onun ən böyük arzusunun torpaqlarımızın azad edilməsi və bu yolda canından belə keçməyə hazır olduğunu diqqətə çatdırdı.
İqtisadiyyat və İdarəetmə fakultəsi Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, professor Şəfa Əliyev, Biznesin təşkili və menecment kafedrasının dosenti Bəsti Orucəliyeva II Qarabağ müharibəsində qələbəmizə həsr olunmuş tədbirin əhəmiyyəti barədə və müharibə dövründə fakültə əməkdaşları tərəfindən əsgərlərimizə dəstək olaraq görülən işlər haqqında maraqlı fikirlər bildirdilər. Şəhidlərimizə Allahdan rəhmət dilədilər və qazilərimizin tezliklə sağalmasını arzuladılar.
Sonra II Qarabağ müharibəsində döyüş yolu ilə bağlı İqtisadiyyat və idarəetmə fakültəsinin məzun və tələbə qazilərinə tədbir iştirakçıları tərəfindən suallar ünvanlandı. Hər bir sual ətrafında qazilərimizin cavabları tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi.
44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı videoçarx tədbir iştirakçılarına nümayiş olundu.
Məzun və tələbə qazilər tədbirin təşkilinə və onlara göstərilən diqqətə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə, İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyətinə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva II Qarabağ müharibəsində Qələbəmizə həsr olunmuş tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Mətbuat xidməti