Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə Sankt -Peterburq Dövlət İqtisad Universiteti ilə gələcək əməkdaşlıq çərçivəsində ilk onlayn formatda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 08 Aprel 2021 12:26
SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə Sankt -Peterburq Dövlət İqtisad Universiteti ilə gələcək əməkdaşlıq çərçivəsində ilk onlayn formatda tədbir keçirildi
Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələr ölkəmizin milli maraqlarına və mənafeyinə müvafiq olaraq qurulub. Təhsildə beynəlxalq əməkdaşlığın inkişafı ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, müəssisə və təşkilatlarlarda savadlı və bacarıqlı kadrların mütəxəssis olaraq müvafiq işlərlə təmin edilməsinə şərait yaradır. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti xarici əlaqələrinin genişlənməsinə xüsusi diqqət yetirir.
Aprelin 7-də Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə gələcək əməkdaşlıq çərçivəsində ilk onlayn formatda tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd 20 iyun 2019-cu il tarixində Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və təhlil kafedraları arasında əməkdaşlıq razılaşmasına əsasən tədris və elm sahəsində fəaliyyətin qarşılıqlı əməkdaşlığa uyğun yerinə yetirilməsini təşkil etməkdir. Bu məqsədlə SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin kafedraları ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin müvafiq kafedraları arasında gələcək əməkdaşlığın formalaşması və inkişafı istiqamətində onlayn formatda görüş təşkil edildi.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev açaraq tədbir iştirakçılarını salamladı, mövcud pandemiya ilə bağlı ikitərəfli razılaşma əsasında tədbirlərin keçirilməsinin bir qədər gec olduğunu diqqətə çatdırdı. Gələcək əməkdaşlığa uyğun olaraq, tədbir iştirakçılarına nəzərdə tutulan işlərlə bağlı məlumat verdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək qonaqları və iştirakçıları salamladı, Sumqayıt Dövlət Universitetinin tarixindən, fakültə və ixtisaslarından danışdı, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən, hər iki universitet arasında əməkdaşlıq perspektivlərindən bəhs etdi, müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı. Dosent Aynurə Yəhyayeva Sankt-Peterburq Dövlət İqtisad Universitetinin beynəlxalq miqyasda yüksək nüfuza və uğurlara malik olduğunu qeyd edərək, mövcud əməkdaşlığın əhəmiyyəti haqqında fikirlərini bildirdi. Azərbaycan–Rusiya ali məktəbələri arasında əlaqələrin inkişafının Sumqayıt Dövlət Universiteti tərəfindən uğurla həyata keçirildiyini, bu istiqamətdə İqtisadiyyat və idarəetmə fakültəsinin Rusiyanın bir sıra universitetləri ilə, o cümlədən Sankt-Peterburq Dövlət İqtisad Universitetinin müvafiq fakültə və kafedraları ilə əlaqərinin yaranması istiqamətində görülən ardıcıl işləri qeyd etdi. Dekan onu da diqqətə çatdırdı ki, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən Sumqayıt Dövlət Universiteti ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq, Xəzəryanı Dövlət Universitetləri və Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvü olmuşdur. SDU bir çox xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə iki-, çoxtərəfli müqavilələr və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq həyata keçirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır.
Sankt-Peterburq Dövlət İqtisad Universiteti Mühasibat uçotu və audit kafedrasının elmi işlər üzrə müdir müavini professor Nikolay Voytolovskiy tədbir iştirakçılarını salamladı, təmsil etdiyi Sankt-Peterburq Dövlət İqtisad Universitetinin fakültə və kafedraları haqqında ətraflı məlumat verdi. Bu görüşün iki universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Mehman Əhmədzadə uzun illərin təcrübəsinə əsaslanaraq, XX əsrin 70–80-ci illərində həmin universitetdə namizədlik dissertasiyasını müdafiə etmiş bir alim olaraq Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə bağlı xatirələrini iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə Sankt-Peterburq Dövlət İqtisadi Universitetinin İqtisadiyyat və maliyyə fakültəsinin dekanı dosent İrina Evstafyeva, İdarəetmə fakültəsinin dekanı professor İqor Fedoseev, Mühasibat uçotu və təhlil kafedrasının tədris işləri üzrə müdir müavini dosent Olqa Ostrovskaya öz çıxışlarında tədbirin mühüm əhəmiyyəti, digər kafedralarla da gələcək əməkdaşlığın formalaşmasının zəruri olması ilə bağlı fikirlərini bildirdilər.
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova kafedralararası əməkdaşlıqdan, Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov təhsil sahəsində əlaqələrdən, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev elmi məqalə və tezislərin qarşılıqlı qaydada təmsil etdikləri ali təhsil müəssisələrinin beynəlxalq elmi-praktiki konfranslarına təqdim olunması və elmi jurnallarda nəşr olunmasının əhəmiyyətindən bəhs etdilər.
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, Azərişıq ASC-nin Maliyyə hesabatlarının beynəlxalq standartları şöbəsinin müdiri, MHBS üzrə mütəxəssis Rauf Rzayev öz çıxışında qeyd etdi ki, magistr təhsili aldığı Sumqayıt Dövlət Universiteti onun gələcək fəaliyyətində, ixtisaslı kadr kimi formalaşmasında önəmli rol oynayıb. Hər iki universitet arasında olan qarşılıqlı əməkdaşlığın tələbələrin biliklərinin artırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini iştirakçıların nəzərinə çatdırdı.
İştirakçılar tərəfindən qarşılıqlı şəkildə verilən suallar cavablandırıldı və fikir mübadiləsi aparıldı.
Tədbirin sonunda dosent Loğman Abdullayev bir daha tədbirin əhəmiyyətini qeyd edərək, gələcək əməkdaşlıq çərçivəsində razılaşdırılan işləri ardıcıl şəkildə iştirakçıların diqqətinə çatdırdı:
a) Hər iki ali məktəb tərəfindən keçirilən beynəlxalq konfranslarda müvafiq kafedraların əməkdaşlarının məqalə və tezislərlə iştirakı;
b) Hər iki universitetin elmi jurnallarına müvafiq kafedraların əməkdaşları tərəfindən məqalə və tezislərin təqdim olunması;
c) Tələbə və magistrantların dərslərində hər iki universitetin müvafiq kafedralarının professor-müəllim heyətinin onlayn iştirakı;
d) Hər iki ali məktəb kafedralarının əməkdaşlarının müxtəlif elmi mövzularda müzakirələrinin birgə təşkili və s.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az