Əməkdaşımız Təhsil İnstitutunun vebinarında
Aprelin 7-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsindən “Müasir elmi-tədqiqat müəssisəsi” adlı növbəti onlayn formatda tədbir keçirildi. Vebinarın məqsədi Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri və elm adamları, müstəqil tədqiqatçılarını bir araya gətirmək və onların beynəlxalq elmi-tədqiqat sahəsindəki innovasiyalar barədə fikir və təcrübə mübadiləsini təşkil etməkdir.
Tədbirin spikeri Auburn Universitetində dosent kimi fəaliyyət göstərən Rəşad Kərimov idi. Rəşad Kərimov 2005-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş, sonra ABŞ-da Minnesota Duluth Universitetində magistratura təhsili, Cornell Universitetində isə doktorantura təhsili almışdır. O, elmi fəaliyyətini Berkli Kaliforniya Universitetində davam etdirmişdir. Elmi araşdırmaları tibbi kimya, üzvi sintez və keçid metallardan üzvi sintez üçün katalizatorların hazırlanmasına yönəldib. Rəşad Kərimovun beynəlxalq elmi jurnallarda 13 məqaləsi çap olunmuşdur və ABŞ-da bir patenti mövcuddur.
Vebinara müxtəlif ali təhsil müəssisələrindən 150 nəfər iştirakçı qatılmışdır. Tədbirdə Sumqayıt Dövlət Universitetini Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin metodisti, AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı Sədaqət Fətullayeva təmsil etdi.
Mətbuat xidməti