SDU-nun tələbə və əməkdaşları “Fransada təhsil və təqaüd imkanları” mövzusunda onlayn formatda keçirilən vebinarda iştirak etdilər
Aprelin 12-də Sumqayıt Dövlət Universitetində Fransanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə “Fransada təhsil və təqaüd imkanları” mövzusunda onlayn formatda vebinar keçirildi. Vebinar Azərbaycanda Fransız İnstitutunun və “Campus France Azərbaycan”ın əməkdaşı Mədinə Mollayeva tərəfindən aparıldı. O, Fransada ali təhsilini davam etdirmək istəyən tələbələrə (bakalavr, magistr və doktorantura) təqaüd imkanları haqqında geniş məlumat verdi.
Seminar fransız universitetlərindəki son islahatlar, təhsil haqları, Fransada əcnəbi gənclər üçün mövcud olan fərqli təqaüd proqramları və onlara müraciət qaydaları (Eiffel, İİB-Fransa (İslam İnkişaf Bankı), IDEX, BGF, Erasmus Mundus proqramları), ixtisas kataloqları, universitet seçmə meyarları, Fransada yaşayış və bu kimi mövzuları əhatə edirdi.
Mədinə Mollayeva Fransada təqaüd imkanları qazanmaq üçün iştirakçılara CV, motivasiya məktubu, referans məktubları və digər sənədlərin hazırlanması ilə bağlı da məlumat verdi və tələbələrin suallarını cavablandırdı. Suallar əsasən DELF, TCF kimi beynəlxalq FLE (Fransız dili xarici dil) sertifikatlarını, eyni zamanda Fransada yaşayış şərtlərini, viza müraciətlərini, təhsil haqqı və s. kimi mövzuları da əhatə etdi.
Vebinara SDU-nun tələbə və əməkdaşlarından ibarət 30-a yaxın iştirakçı qatıldı. İştirakçılar arasında Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdri t.f.d. Samirə Məmmədova, şöbə əməkdaşı Natavan Quliyeva, TEC-in sədri dos. Lalə Bünyatova və TEC üzvləri, Gənc Alimlər Şurasının sədri b/m Xəyalə Mürsəliyeva və şura üzvləri, TGT-nin sədri Tayfun Hacılı və təşkilat üzvləri də var idi.
Mətbuat xidməti