SDU-da “Kimyanın müasir problemləri” mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirildi
Aprelin 15-də Sumqayıt Dövlət Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Kimyanın müasir problemləri” mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirildi.
Konfransda ölkəmizdə fəaliyyət göstərən 11 ali təhsil müəssisəsindən və AMEA-nın 7 institutundan nümayəndələr iştirak etdilər.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu qeyd etdi. Prorektor Müzəffər Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışdı, qazanılan qələbənin xalqımızın iftixar və qürur mənbəyinə çevrildiyini diqqətə çatdırdı.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Prorektor professor Ramazan Məmmədov Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Kimyanın müasir problemləri” mövzusunda keçirilən konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, məqsəd kimya sahəsində son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əlaqələrin inkişaf etdirilməsidir. Professor onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universitetində onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirlər, konfranslar yüksək şəkildə təşkil olunur və bu proses uğurla davam edir.
Prorektor bildirdi ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olundu. Sərəncama əsasən Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə genişmiqyaslı fəaliyyət planının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər həyata keçirilir. Prorektor konfransı açıq elan etdi və konfransın işinə uğurlar arzuladı.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları" laboratoriyasının dosenti Mütəllim Abbasov“Məktəb kimya kursunun tədrisində distant təlim texnologiyalarından istifadə metodologiyaları”, AMEA-nın Polimer Materialları İnstitutunun Biomimetik polimerlər laboratoriyasının müdiri dosent Sevil Maşayeva “Smart polimerlərin yeni nümayəndələri”, Sumqayıt Dövlət Universitetinin Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev “2-Propenil-5-metilfenolun alınması və katalitik hidrosililləşmə reaksiyasının tədqiqi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Magistratura bölməsinin dekan müavini dosent Mətləb Atayev “Psevdoqaynar layda dənəvər materialların qurudulması prosesinin təkmilləşdirilməsi” mövzularında məruzə ilə çıxış etdilər.
Konfransın sonrakı işi haqqında məsul katib, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev məlumat verdi. Bildirdi ki, konfransa 170-dək məqalə və tezis daxil olmuş, antiplagiat proqramından keçirilərək, 110 tezis və məqalə konfransın proqramına daxil edilmişdir.
Konfrans öz işini 6 bölmə üzrə iki gün ərzində davam etdirəcək.
Mətbuat xidməti