SDU-da Millət vəkili Akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və sabahı barədə düşüncələr” mövzusunda onlayn formatda məharət dərsi keçirildi
Aprelin 15-də Sumqayıt Dövlət Universitetinin doktorantları, magistrantları və bakalavriat pilləsində təhsil alan tələbələri üçün İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Millət vəkili akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və sabahı barədə düşüncələr” mövzusunda onlayn formatda məharət dərsi keçirildi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva giriş sözü ilə çıxış edərək, dəvəti qəbul edib, tələbə və müəllim kollektivi ilə görüşdə iştirak etdiyinə görə Millət vəkili akademik Ziyad Səmədzadəyə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun və fakültə əməkdaşları adından təşəkkürünü bildirdi, məharət dərslərinin ixtisas qruplarında keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, akademik Ziyad Səmədzadə kimi dəyərli bir alimdən məharət dərsi dinləmək Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri, problemləri, prioritet istiqamətləri üzrə əlavə bilgilər qazandıracaq, bu istiqamətlərdə aparılan tədqiqatlara böyük stimul olacaqdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu və mütərəqqi siyasət nəticəsində bu gün Azərbaycanda bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində ərazi bütövlüyümüzün təmin edilməsi ilə ölkəmizdə yeni dövrün başlandığını qeyd edən fakültə dekanı doğma Qarabağımızda irimiqyaslı bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdırdı.
Sonra söz Millət vəkili akademik Ziyad Səmədzadəyə verildi. Hörmətli akademik İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim, tələbə heyəti üzvləri ilə görüşməkdən məmnunluğunu ifadə edərək təşkil olunan tədbiri yüksək qiymətləndirdi. Məharət dərsinin mövzusunun aktuallığından danışan akademik tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizdə iqtisadi baxımdan yeni inkişaf mərhələsinə keçid üçün geniş imkanların yarandığını, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bütün dünyaya öz qüdrətini göstərdiyini bildirdi. Qeyd etdi ki, şanlı qələbəmizlə ərazi bütövlüyümüz təmin edildi. Möhtərəm Prezidentimizin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Böyük Qayıdışın ayrıca prioritetlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdıran akademik Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilən düşünülmüş və sistemli dövlət tədbirlərindən danışdı. Xüsusilə vurğuladı ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızin işlə təminatına müsbət təsir göstərəcək. Müzəffər ordumuzun qələbəsi qeyri-neft sektorunun inkişafına, Azərbaycan iqtisadiyyatının daha da çiçəklənməsinə təkan verəcək.
Tədbirdə Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, həmin kafedranın professoru Şəfa Əliyev, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov akademik Ziyad Səmədzadə tərəfindən keçirilən məharət dərsi barədə yüksək fikirlərini bildirdilər və tədbirin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdilər.
Akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və sabahı barədə düşüncələr” mövzusu ətrafında müəllim və tələbələrin ünvanladıqları sualları cavablandırdı.
Görüş iştirakçıların, doktorant, magistrant və bakalavriat pilləsində təhsil alan tələbələrin böyük marağına səbəb oldu.
Mətbuat xidməti