SDU-nun əməkdaşı Erasmus+Jean Monnet proqramı haqqında vebinarda iştrak etdi
Aprelin 29-da Azərbaycandakı Milli Erasmus+Ofisinin direktoru Pərviz Bağırovun təşkilatçılığı ilə Erasmus+Jean Monnet proqramının çağrışına dair vebinar keçirildi. Vebinarın qonağı ADA Universitetinin dosenti və ən son Jean Monnet Chair layihəsinin qalibi Anar Vəliyev idi. Anar Vəliyev Jean Monnet qrant proqramı haqqında təqdimatla çıxış edərək, öz təcrübəsini iştirakçılarla bölüşdü. Bildirdi ki, “Jean Monnet” qrant proqramının məqsədi dünyanın hər yerində Avropa İttifaqı ilə bağlı tədqiqatları dəstəkləmək və inkişaf etdirməkdir. Bu proqram müxtəlif sahələr çərçivəsində geniş spektrli hədəf qruplara ali təhsil səviyyəsində Avrointeqrasiya prosesi üzrə tədris və elmi tədqiqatların aparılmasında qabaqcıl təcrübələri təşviq edir.
Məlumat üçün proqramın məqsədlərini nəzərinizə çatdırmaq istərdik:
Dünyanın hər yerində ixtisaslaşmış tədris mütəxəssisləri, təhsilalanlar və vətəndaşlar arasında Avrointeqrasiya sahəsində təhsili və tədqiqatları təşviq etmək;
Avrointeqrasiyanın tədqiqi sahəsində fəal olan assosiasiyaların fəaliyyətlərini dəstəkləmək;
Akademik icma və siyasətçilər arasında Avropa İttifaqı (Aİ) siyasətlərinin prioritetləri barədə siyasi müzakirələri və dialoqu təşviq etmək;
Tələbələri və gənc mütəxəssisləri onların akademik fəaliyyətləri və karyeraları üçün aktual olan Aİ məsələləri barədə biliklərlə təchiz etmək və onların fəal vətəndaş vərdişlərini formalaşdırmaq;
Tədris və tədqiqatlarda innovasiyanı (məs., sahələrarası və yaxud çoxsahəli tədqiqatlar, açıq təhsil, digər ATM-lərlə şəbəkələşmə və s.) təşviq etmək.
“Jean Monnet” proqramı üç əsas komponentdən ibarətdir:
1. Tədris və tədqiqat;
2. Siyasət sahəsində müzakirələr və dialoq;
3. Assosiasiyalara dəstək.
Tədris və tədqiqat komponentlərinə daxil olan Jean Monnet modulları üzrə maksimum maliyyələşmə məbləği 30.000 avrodur. Jean Monnet Centres of Excellence üzrə maksimum maliyyələşmə məbləği 100.000 avrodur.
Qeyd edək ki, “Jean Monnet” qrant proqramına sənəd qəbuluna artıq start verilib. Sənədləri təqdim etmək üçün son tarix 2 iyun 2021-ci ili əhatə edir.
Onlayn vebinarda 20-ə yaxın ali təhsil müəssisəsindən 80-ə yaxın nümayəndə iştirak etdi. Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva iştirak etdi. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti