SDU-nun rektoru Cənubi Koreyanın Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (KAİST) tələbəsi adını qazanan Olimpiada qaliblərini qəbul etdi
Respublika və beynəlxalq səviyyəli olimpiadalar ölkənin bütün məktəblərini əhatə edən elm yarışıdır. Hazırda olimpiadalara maraq gündən-günə artır, olimpiada hərəkatı genişlənir. Son illərin təcrübəsi göstərir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bu müsabiqələr ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədi daşıyır. Onu da qeyd edək ki, azərbaycanlı şagirdlər iştirak etdikləri beynəlxalq olimpiadalardan böyük uğurlarla geri dönür. Hər biri uğurları ilə həm özünün, həm də təmsil etdiyi ölkənin parlaq gələcəyindən xəbər verir. Sevindirici haldır ki, həmin şagirdlər arasında Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovun oğlu Mətin Muradlı və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayevanın oğlu Sirac Anar oğlu Yəhyazadə öz uğurları ilə seçiliblər.Onların hər ikisi respublika və beynəlxalq olimpiadalarda layiqincə iştirak edib. Mətin Muradlı “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medal, Sirac Yəhyazadə isə fizika fənni üzrə keçirilən olimpiadalarda qızıl medal və fizika üzrə respublikada birincilər birincisi adını qazanıb. Avropa Fizika Olimpiadası Honoruable mention, Beynəlxalq Fizika Olimpiadasında Honoruable mention, Jautikov Olimpiadasında və Metropolis olimpiadasında bürünc medala layiq görülüb. Bütün bunların nəticəsidir ki, onlar bu yaxınlarda Cənubi Koreyanın Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (KAİST) tələbəsi adını qazanıblar.
Aprelin 30-da SDU-nun rektoru professor Elxan Hüseynov Mətin Muradlı və Sirac Yəhyazadəni qəbul etdi, Cənubi Koreyanın Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (KAİST) tələbəsi adını qazanmaları münasibətilə təbrik etdi və onlara xoş arzularını çatdırdı, gələcək həyatlarında uğurlar arzuladı və qiymətli hədiyyələrlə mükafatlandırdı. Bildirdi ki, onlar nəinki oxuduqları məktəb kollektivinin, yaşadıqları şəhərin, bütünlükdə respublikamızın fəxridirlər.
Rektor onu da qeyd etdi ki, son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən yüksəkintellektli, innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli gənclərin formalaşmasına münbit zəmin yaradıb. Ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var. Qaliblərin sonrakı nailiyyətləri onu təsdiq edir ki, ölkədə keçirilən olimpiadaların təşkilində ədalət təmin olunur. Belə ki, qalib şagirdlər qatıldıqları beynəlxalq yarışlarda, o cümlədən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Rektor SDU-da keçirilən fənn olimpiadalarının şagirdlər üçün önəmindən də danışdı. Bildirdi ki, universitetimizlə orta təhsil müəssisələri arasında əlaqələrimiz uğurla inkişaf edir, belə ki, COVID-19 pandemiyasından əvvəl hər şənbə “Açıq qapı” günü keçirilirdi, şagirdlər universitetlə yaxından tanış olurdular. Təhsil Nazirliyinin həyata keçirdiyi “Sabahın alimləri” müsabiqəsində şagirdlərin istedad, bacarıq və potensialının aşkara çıxarılması istiqamətində də universitetimizin alimlərinin əməyi danılmazdır. Rektor onu da vurğuladı ki, güclü və dinamik inkişaf edən Azərbaycana yüksəkintellektli kadrlar lazımdır. Ölkə başçısının sərəncamları əsasında təhsilin normativ-hüquqi bazası möhkəmləndirilmiş, qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti böyük missiyanı yerinə yetirərək hər il müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil edir. Bütün bu tədbirlər şagirdlərimizin ölkəmizin olimpiada hərakətında uğurlu çıxışının təmin olunması məqsədi daşıyır. Rektor çıxışının sonunda Mətin Muradlını və Sirac Yəhyazadəni əldə etdikləri bu qalibiyyət münasibətilə bir daha təbrik etdi, dosent Mahal Muradovun və dosent Aynurə Yəhyayevanın timsalında qaliblərin valideynlərinin və müəllimlərinin sevincinə şərik olduğunu bildirdi, onlara xoş arzularını çatdıraraq bir daha vurğuladı: “İnanıram ki, gələcəkdə də uğurlu işləriniz hamımızı sevindirəcək, yeni-yeni üfüqlərə doğru addımlayacaq, bol-bol nailiyyət əldə edəcək, yüksək zirvələri bir daha fəth edəcəksiniz. Bu yolda sizə möhkəm cansağlığı, tükənməz güc va daha çox fədakarlıq arzulayıram!”.
Mətbuat xidməti