Tələbəmiz “BoooLiqa- Virtual Natiqlik Çempionatı”nın Ən Yaxşı Natiqi nominasiyası üzrə qalib oldu
Mayın 3-də Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin tərəfdaşlığı ilə Booo League tərəfindən “BoooLiqa-Virtual Natiqlik Çempionatı”nın mükafatlandırma mərasimi keçirildi. 128 nəfərin mübarizə apardığı yarışda Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Anar Qurbanov iştirak etdi. 3 aya yaxın davam edən yarışda Anar Qurbanov turnirin yarımfinalına qədər yüksələrək, “BoooLiqa-Virtual Natiqlik Çempionatı”nın Ən Yaxşı Natiqi nominasiyası üzrə qalib oldu, sertifikat və hədiyyələrə layiq görüldü.
Qeyd edək ki, bu gün dünyada bir çox fərdi inkişaf yolları olsa da, tədqiqatçıların fikrincə, ən effektiv yol oyun oynamaqdır. Oyun nəzəriyyəsi 25 əsr əvvəl insanların vaxt keçirmək üçün yaratdığı mexanizmdir. XX əsrin ortalarında psixologiya, biologiya və ekologiya kimi bir çox elm sahəsi oyunları araşdırmağa başladı. Nəticədə, məlum oldu ki, oyun oynamaq insana lazımi bacarıq və impulsları qazandırır, yetkin yaşa hazırlayır, analitik düşünmə və xəyal qurma qabiliyyətlərimizi inkişaf etdirir. “BoooLiqa” milli oyun platforması isə oyunlar təşkil etməklə yanaşı, gənclər üçün lazım olan baza məlumatlarını qeyri-ənənəvi üsulla özündə toplayır. Beləliklə, gənclər öz inkişaflarını izləyə və bundan zövq ala bilərlər. Platformanın ilk layihəsi olan “Virtual Natiqlik Çempionatı” da məhz bu yöndə gəncləri özünə cəlb etməyi bacardı.
Mətbuat xidməti