SDU-da Psixologiya Gününə həsr olunmuş “Gənclik yaş dövründə özünüreallaşdırmanın şəxsiyyətin inkişafına təsiri” mövzusunda onlayn formatda seminar keçirildi
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Psixologiya Gününə həsr olunmuş “Gənclik yaş dövründə özünüreallaşdırmanın şəxsiyyətin inkişafına təsiri” mövzusunda onlayn formatda seminar keçirildi.
Seminarı giriş sözü ilə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açaraq, öncə Azərbaycan Respublikasının ümummilli lideri, dünyada böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98 illiyini andı, böyük şəxsiyyətin xalqımız üçün əvəzsiz xidmətlərindən söz açdı, daha sonra Ümumdünya Psixoloqlar Günü münasibətilə psixoloqları təbrik etdi, seminara uğurlar arzuladı.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova seminarın məzmun və mahiyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, şəxsiyyətin formalaşmasına müsbət amillər təsir göstərir. Göstərilən amillərin təsir dərəcəsi də müxtəlifdir. Şəxsiyyətin formalaşması müxtəlif dövrlərdə aktual olmuş və hal-hazırda da aktual olaraq qalmaqdadır. Aytəkin Məmmədova onu da bildirdi ki, insanın həyatında gənclik yaşı müstəqil yetkinliyə keçidi dövrdür. Bu isə bir tərəfdən fiziki yetişməsinin başa çatması, digər tərəfdən ictimai baxımdan yetkinliyin əldə edilməsi deməkdir. Psixologiyada 18-25 yaş həddi, şəxsin əxlaqi və estetik hisslərinin fəal inkişafı, onun xarakterinin formalaşması və sabitliyi, onun ictimai rollarına tam yiyələnməsi kimi qəbul olunur. Bu yaş həm də özünüreallaşdırmanın inkişafı üçün senzitiv dövrdür.
Gənclər hazırda şəxsiyyət olaraq həyat fəaliyyətinin müxtəlif sferalarında dəyişiklikləri qavramağa, alternativ mədəniyyətə yiyələnməyə, yeni həyat üslubu, təfəkkür stereotiplərini formalaşdırmağa çalışırlar. Gənclik insanın gələcək həyatını müəyyən edəcək məsul qərarların (peşənin və həyatda özünün yerinin seçilməsi, həyatda mövqeyinin, həyat yoldaşının seçilməsi, ailənin yaradılması və s.) qəbul edilməsi dövrüdür. Bu qərar qəbulu bəzi gənclərdə öz qüvvəsinə və qabiliyyətinə inamını möhkəmləndirir, onlarda həyata ümid yaradır, bəzilərində isə əksinə. Bu səbəbdən də gənclərin davranışında hər hansı bir səhvi korreksiya etmək istəyən valideynlər prosesi birbaşa deyil, dolayısı ilə etməli və daha çox dostluq, yoldaşlıq mövqeyinə üstünlük verməlidirlər. Gənclərin şəxsi tələbat və hislərini dərk etmələri, atdığı addımlara görə məsuliyyətli olmaları, müstəqil olaraq həyati əhəmiyyətli qərarları vermələri üçün valideynlər onların böyüdüyünü qəbul etməli, gənclik dövrünə qədəm qoymuş övladlarına sərbəstlik verməli və qarşılaşdıqları çətinlikiəri aradan qaldırılmalarında icraçı kimi deyil, məsləhətçi kimi yardımçı olmağa çalışmalıdırlar.
Seminarda Pedaqogika və psixologiya kafedrasının dosentləri: Sevər Mirzəyeva “Müasir psixologiyada şəxsiyyətin özünüreallaşdırma anlayışı”, Ayna Hacıyeva “Özünüreallaşdırmanın strukturu, yaranma mexanizmləri və maneələri”, Ceyhun Məmmədov “Unifikasiya (ümumiləşdirmə) şəxsiyyətin özünüreallaşdırmasına maneə kimi”, Kəmalə Salamova “Sosial persepsiyanın özünüreallaşdırmaya təsiri” mövzularında çıxış edərək bildirdilər ki, Gənclik insanın həyatının ən gözəl, ən aktiv mərhələsidir. Ömrün bu mərhələsində atılmış addımlar gələcək həyatın uğurlarına və ya əksinə, uğursuzluqlarına keçid rolunu oynayır. Gənclik dövrünün sonu cəmiyyət üçün tam hazırlanmış nəslin varlığı deməkdir. Özünüreallaşdırma həm insanın özünün, həm də sosial mühühitin ondan razı qalması anlamına gəlir. Özünüreallaşdırma həmişə insanın obyektiv və sosial mühitlə birbaşa qarşılıqlı əlaqəsini nəzərdə tutur, xarici aləm istiqamətində həyata keçirilir və xarici mühitin mövcud xüsusiyyətləri həmişə ona müəyyən təsir göstərir.
Natiqlər gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinliklərdə emosional, dözümlü, dayanıqlı olmağı tövsiyə etdilər. Həmçinin bəzi psixoloji problemlərin həllində köməklik göstərə biləcəklərini də nəzərə çatdırdılar.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirildi.
Mətbuat xidməti