SDU-da “Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə “Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi.
Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfransı giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq, ümummilli liderin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılması istiqamətində keçirilən elmi-praktik konfransın əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Dekan onu da bildirdi ki, ümummilli lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət vermişdir. Hələ SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün kadr potensialının formalaşdırılması və digər istiqamətlərdə Ulu öndərin göstərişləri ilə mühüm addımlar atılmışdır. Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsərin qorunması, inkişaf etdirilməsi vəzifəsini Prezident cənab İlham Əliyev çox böyük ləyaqətlə və bacarıqla həyata keçirir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
Bu gün xalqımız ümummilli liderin siyasi varisi - Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu.
İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimiz Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir.
Tədbirdə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti”, İqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi Lyudmila İsmayılova “İqtisadiyyatımızın inkişafında Heydər Əliyev konsepsiyası”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri dosent Səvvarə Rzaquliyeva “Heydər Əliyevin azərbaycançılıq ideologiyası”, həmin kafedranın müəllimi Jalə Fərhadova “Heydər Əliyevin mədəniyyət siyasəti”, Tarix və coğrafiya faklütəsinin II kurs magistrantı İbrahim Zeynallı “Azərbaycan dövlətçiliyi ənənəsində varislik – İlham Əliyev” mövzularında çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən-nəsillərə keçəcəkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır.
Mətbuat xidməti